Xəstələr həmin dərmanları qəbul etməsələr, immun sistemləri zəifləyəcək, orqanizmləri yeni nəql olunan orqanı qəbul etməyəcək”
Orqan transplantasiyası keçirmiş şəxslərə hər ay pulsuz verilən “Sertikan” adlı dərman preparatı iki aydır ki, verilmir.
Bu barədə Bestmedia.az-a xəstələr şikayət edib. Onlar bildiriblər ki, problem əsasən Abşeron Mərkəzi Xəstəxanasında yaşanır.
“Bizə deyirlər ki, problem TƏBİB tərəfindən yaradılıb. Tender keçirməyi gecikdirib. Ona görə də, dərman yoxdur, gəlməyib. Çox çarəsiz duruma düşmüşük. Səhhətimiz təhlükə altındadır. Bu dərman bizə hava, su kimi vacibdir. Qəbul etməsək, immun sistemimiz zəifləyəcək, yeni nəql olunan orqanımızı orqanizmimiz qəbul etməyəcək”, deyə xəstələr gileyləniblər.
TƏBİB-dən isə Bestmedia.az-ın sorğusuna belə cavab verilib:
“TƏBİB tərəfindən vətəndaşların dərman vasitələri ilə təmin olunması istiqamətində zəruri addımlar atılır. Orqan transplantasiyası əməliyyatları icra edilmiş vətəndaşların dərman vasitələri ilə təmin olunması prosesi davam etdirilir. TƏBİB tərəfindən müvafiq tender qaydalarına uyğun şəkildə qalib olmuş şirkətlə müqavilə bağlanılıb. Qısa zamanda bütün tibb müəssisələri qeyd edilən dərman vasitələri ilə təmin ediləcək”.
Qeyd edək ki, bu dərmanı Bakı və Abşeronda hər aptekdən pulla almaq da müşkül məsələdir. Dərman ancaq paytaxtın bahalı “Elite” aptekində satılır ki, onun da qiyməti 160 manatdan ucuz deyil. Amma sözügedən apteklər şəbəkəsindən hazırda depoda bu dərman preparatının olmadığını söylədilər.
Məlumat üçün bildirək ki, “Sertikan” (təsiredici maddə-everolimus), orqan transplantasiyası (məsələn, böyrək və ya ürək köçürülməsi) keçirən xəstələrdə bədənin yeni orqanı rədd etməsinin qarşısını almaq üçün istifadə edilən güclü immunosupressantdır. Bu preparat adətən digər dərmanlarla (siklosporin və kortikosteroidlər) birlikdə təyin edilir. Sözügedən dərman preparatını orqan transplantasiyası keçirmiş xəstələrin vaxtı-vaxtında qəbul etməsi şərtdir!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.