Sumqayıt şəhərində fəaliyyət göstərən "Liman Klinikası"nda aparılan cərrahi əməliyyatdan sonra sağlamlığında problem yarandığını bildirən pasiyentin iddiası üzrə məhkəmə qərar çıxarıb.
Məhkəmə materiallarına əsasən, Nuridə Zülfüqarova 2024-cü ildə klinikada cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Əməliyyatdan sonra onun sol gözündə çəplik yarandığı bildirilir.
Hadisə ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılsa da, cinayət işinin başlanması rədd edilib. Bununla belə, məhkəmə-tibb ekspertizasının rəyində əməliyyat zamanı tibbi qüsurlara yol verildiyi göstərilib.
İddiaçının vəkili Anar Məmişov ekspertiza rəyini və müalicə üçün çəkilən əlavə xərcləri məhkəməyə təqdim edib. İddia ərizəsində "Liman Klinikası"ndan və cərrah Əfqan Ağagülovdan ümumilikdə 40 min manat maddi və 10 min manat mənəvi zərərin ödənilməsi tələb olunub.
Cavabdeh tərəf isə iddianı qəbul etməyərək bildirib ki, pasiyent əməliyyatdan sonrakı müalicə qaydalarına tam əməl etməyib və təyin edilən dərmanları vaxtında qəbul etmədiyi üçün sonradan sağlamlıq problemi yaranıb.
Sumqayıt Şəhər Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, "Liman Qrup" MMC pasiyentə 28 min 574 manat maddi, 3 min manat isə mənəvi zərər əvəzi ödəməlidir. Cərrah Əfqan Ağagülova qarşı irəli sürülən iddia isə təmin edilməyib. Məhkəmə qərarında qeyd olunub ki, həkim klinikanın əməkdaşı olduğundan, vurulmuş zərərə görə hüquqi məsuliyyət işəgötürən müəssisənin üzərinə düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.