AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yaşıl iqtisadiyyata keçid: Gənclər üçün yeni peşələr və məşğulluq imkanları müzakirə edildi

  • + A
  • - A
  • Bu gün, 15:12

    Azərbaycanda yaşıl iqtisadiyyata keçid: Gənclər üçün yeni peşələr və məşğulluq imkanları müzakirə edildi


    Azərbaycanın yaşıl iqtisadiyyata keçidi fonunda əmək bazarının gələcək tələblərinə cavab verən peşəkar kadrların hazırlanması və gənclərin yeni məşğulluq imkanlarına çıxışının genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilir. Məhz bu məqsədlə iyulun 1-də Bakıda "Ədalətli Keçid Dialoqu: Azərbaycanda Yaşıl İqtisadiyyata Ədalətli Keçidin Təmin Edilməsi" adlı yüksək səviyyəli tədbir keçirilib.

    Tədbir dövlət qurumlarının nümayəndələrini, yaşıl enerji sektorunun aparıcı şirkətlərini, akademik dairələri və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirərək Azərbaycanın enerji keçidinin sosial və iqtisadi aspektlərini müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb.

    Dialoq Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Gender Bərabərliyi və İqtisadi İnklüzivlik üzrə Texniki Yardım Çərçivəsi çərçivəsində təşkil olunub. Tədbirdə vurğulanıb ki, yaşıl iqtisadiyyata keçid yalnız ekoloji məqsədlərə nail olmaq deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin bu prosesdən bərabər şəkildə faydalanmasını təmin etmək deməkdir. Xüsusilə qadınların, gənclərin və digər həssas qrupların yeni formalaşan yaşıl əmək bazarında layiqli yer tutması əsas hədəflərdən biri kimi qiymətləndirilib.

    Müzakirələr zamanı əmək bazarının dəyişən tələblərinə uyğun müasir təhsil proqramlarının hazırlanması, peşələrin yenidən ixtisaslaşdırılması, texniki bacarıqların inkişafı və inklüziv məşğulluq siyasətlərinin əhəmiyyəti ön plana çəkilib. Bildirilib ki, bərpa olunan enerji sektorunun sürətli inkişafı yeni ixtisaslara olan tələbatı artırır və təhsil sistemi bu dəyişikliklərə uyğun yenilənməlidir.

    Qeyd olunub ki, hazırda Azərbaycanda həyata keçirilən iri həcmli bərpa olunan enerji layihələri ölkənin yaşıl iqtisadiyyata keçidində mühüm mərhələ təşkil edir. Bu layihələr sırasında Masdar şirkətinin həyata keçirdiyi Biləsuvar rayonunda 445 meqavatlıq, Neftçala rayonunda isə 315 meqavatlıq günəş elektrik stansiyaları xüsusi əhəmiyyət daşıyır. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu layihələrin istixana qazı emissiyalarının azaldılması ilə yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xarici investisiyaların cəlb olunması, yeni yüksək ixtisaslı iş yerlərinin yaradılması və yerli kadr potensialının inkişafına mühüm töhfə verəcəyi bildirilib.

    Tədbir çərçivəsində keçirilən panel müzakirələrində peşə təhsili müəssisələrinin proqramları ilə müasir bərpa olunan enerji obyektlərinin texniki tələbləri arasında mövcud fərqlərin aradan qaldırılması yolları müzakirə olunub. Müzakirələrdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, beynəlxalq inkişaf təşkilatlarının nümayəndələri, tələbələr və yerli icmalar iştirak ediblər.

    İştirakçılar tərəfindən hazırlanan siyasət tövsiyələrinin gələcəkdə mühəndis və texniki mütəxəssislərin hazırlanmasına yönəlmiş yeni ixtisaslaşdırılmış tədris proqramlarının formalaşdırılmasına dəstək verəcəyi bildirilib. Məqsəd gənclərin əmək bazarının real tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunması, onların yaşıl enerji sektorunda rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirilməsidir.

    Tədbir açıq plenar sessiya ilə yekunlaşıb. Sessiyada strateji baxışlar, gələcək əməkdaşlıq istiqamətləri və hazırlanmış tövsiyələr təqdim olunub. Qeyd edilib ki, bu dialoq işçilərin, gənc mütəxəssislərin və yerli icmaların qərar qəbuletmə prosesində iştirakını gücləndirməklə yanaşı, Azərbaycanın yaşıl iqtisadiyyata ədalətli və inklüziv keçidinə də mühüm töhfə verəcək.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR