İranda siyasi məhbus Arğavan Fəllahi barəsində ölüm hökmü çıxarılıb.
HRANA-nın yaydığı məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Səlavatinin sədrliyi ilə qəbul edilib. Fəllahi İran İslam Cəza Məcəlləsinin 287-ci maddəsi əsasında "baği" (silahlı üsyan) ittihamı ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. İttiham onun hökumət əleyhinə qruplara üzv olması və silahlı fəaliyyətlərdə iştirak etməsi iddialarına əsaslanır.
2025-ci ilin iyununda İsrailin Evin həbsxanasına endirdiyi zərbədən sonra Arğavan Fəllahi əvvəlcə Böyük Tehran Cəzaçəkmə Müəssisəsinə, daha sonra isə Vəramin şəhərində yerləşən Qərçək həbsxanasına köçürülüb. Sonradan o yenidən Evin həbsxanasına qaytarılıb.
Məlumatlı mənbənin HRANA-ya bildirdiyinə görə, Fəllahi həbs olunduqdan sonra Evin həbsxanasının 209 və 241 saylı bölmələrində, Məhkəmə Hakimiyyətinin Kəşfiyyatın Mühafizəsi Təşkilatının nəzarəti altında saxlanılıb. Bu müddətdə onun ağır psixoloji işgəncələrə məruz qaldığı və hakimlər Məhəmməd Moqisə və Əli Rəzinin öldürülməsi ilə bağlı məcburi etiraf verməyə məcbur edildiyi iddia olunur.
Arğavan Fəllahi 2025-ci ilin yanvar ayının əvvəlində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Kəşfiyyat Nazirliyinin nəzarətində olan Evin həbsxanasının 209-cu bölməsinə aparılıb.
O, bundan əvvəl də 2022-ci ilin noyabrında atası ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Sonradan Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi, hakim İman Əfşarinin sədrliyi ilə onu "toplaşma və əlbir olma", eləcə də "rejim əleyhinə təbliğat" ittihamları üzrə iki il azadlıqdan məhrum etmişdi. Cəzasını başa vurduqdan sonra Fəllahi Evin həbsxanasından azadlığa buraxılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.