“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Azadmedia.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
İqtisadiyyat Nazirliyi “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə isə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməldirilər. Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Ehtiyatları Agentliyi Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminə ötürülməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabinetindən APA-ya verilən şərhdə bildirilib ki, qərarla informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən olunur.
Qeyd edilib ki, qərar ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi sahəsində məlumatların vahid informasiya məkanında formalaşdırılması, aidiyyəti dövlət orqanları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, bu sahədə monitorinq və təhlil imkanlarının genişləndirilməsi, habelə qərar qəbuletmə prosesinin etibarlı informasiya ilə təmin edilməsi məqsədilə hazırlanıb.
Qərar ilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilir, sistemin strukturu, funksional imkanları, məlumatların toplanılması, işlənilməsi, saxlanılması, mühafizəsi və mübadiləsi qaydaları, habelə sistemin sahibi, operatoru, iştirakçıları və istifadəçilərinin hüquq və vəzifələri tənzimlənir.
Qərarın qəbul edilməsi nəticəsində ölkənin ərzaq təminatına dair məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunması təmin ediləcək, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi və koordinasiya gücləndiriləcək, ərzaq məhsulları üzrə istehsal, istehlak, ehtiyat, idxal və ixrac göstəricilərinin operativ monitorinqi və proqnozlaşdırılması imkanları genişlənəcək. Eyni zamanda, ərzaq təminatında yarana biləcək risklərin vaxtında müəyyənləşdirilməsi, bazarda tələb və təklif balansının qiymətləndirilməsi, dövlət dəstəyi tədbirlərinin daha səmərəli planlaşdırılması, qiymət sabitliyinin qorunması və strateji qərarların elmi əsaslarla qəbul edilməsi üçün etibarlı informasiya bazası formalaşdırılacaq.
Nəticə etibarilə qərarın qəbul edilməsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ərzaq təminatının dayanıqlığının artırılmasına, dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsinə və bu sahədə rəqəmsal idarəetmə mexanizmlərinin inkişafına xidmət edəcək.