“Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində növbəti maarifləndirici dəyirmi masa 17 iyul tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə təşkil olunub.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbiri “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq layihənin məqsədi, əhəmiyyəti və bu günədək həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, sağlam ailənin formalaşması sağlam cəmiyyətin əsasını təşkil edir və milli ailə dəyərlərinin qorunması, ailədaxili sağlam münasibətlərin təşviqi hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyətidir.
Daha sonra dəyirmi masa Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Etibar Həsənovun moderatorluğu ilə davam edib. Tədbirdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət, milli ailə dəyərlərinin qorunması, ailədaxili münaqişələrin yaranma səbəbləri, məişət zorakılığının qarşısının alınması, mediasiyanın ailə mübahisələrinin həllində rolu və hüquqi maarifləndirmənin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masada Perinatal Mərkəzin 25 nəfər həkimi və tibb bacısı iştirak edib. Tədbir iştirakçıları mövzuya böyük maraq göstərərək müzakirələrə fəal qoşulub, peşə fəaliyyətlərində rastlaşdıqları ailə problemləri ilə bağlı müşahidələrini bölüşüb, dəyərli təklif və mülahizələr səsləndiriblər. Xüsusilə ailədaxili münasibətlərin ana və uşağın fiziki və psixoloji sağlamlığına təsiri, hamiləlik və doğuş dövründə ailə dəstəyinin əhəmiyyəti, eləcə də sağlam ailə mühitinin gələcək nəslin formalaşmasındakı rolu ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hüquqi və praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, ailə institutunun möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də mediasiya institutunun imkanlarından daha geniş istifadə olunması sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici paylama materialları təqdim olunub.
Qeyd edək ki, “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin əsas məqsədi milli ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərdə sağlam ünsiyyət mədəniyyətinin təşviqi, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə sağlam ailə modelinin möhkəmləndirilməsinə dəstək verməkdir.
Fotolar