Milli Məclisin deputatı Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbul vətəndaşların müraciətlərinin operativ araşdırılması, problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində mühüm əhəmiyyət daşıyıb.
Qəbulda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, həmçinin Masallı Təhsil Fondunun rəhbəri Hüseyn Hüseynov da iştirak ediblər.
Görüş zamanı rayon sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilib. Qaldırılan məsələlər əsasən sosial problemlər, məşğulluq, təhsil, sağlamlıq, kommunal xidmətlər, şəhid ailələri və qazilərin qayğıları, eləcə də digər sosial xarakterli məsələləri əhatə edib.
Qəbula gələnlər arasında Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailə üzvləri, o cümlədən şəhid anası və Vətən müharibəsi qazisi də olub. Onların müraciətləri xüsusi həssaslıqla dinlənilib, mövcud problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla koordinasiyalı tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib.
Deputat Məşhur Məmmədov bildirib ki, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğı hər bir dövlət qurumu və xalq nümayəndəsi üçün əsas fəaliyyət istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır və şəhid ailələrinin, qazilərin rifahının yaxşılaşdırılması daim prioritet məsələ kimi diqqətdə saxlanılır.
Qəbul zamanı yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar təhsil sahəsinə dair müraciətlər də müzakirə olunub. Məktəbə hazırlaşan ailələrin üzləşdiyi çətinliklər, şagirdlərin təhsil imkanlarının genişləndirilməsi və gənclərin keyfiyyətli təhsil almasına dəstək məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, təhsil cəmiyyətin inkişafının əsas sütunlarından biridir və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə hər zaman dəstək göstəriləcək.
Müraciətlərin bir hissəsi qəbul zamanı yerində öz həllini tapıb. Digər məsələlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına müraciət olunması və problemlərin qanunvericiliyə uyğun şəkildə həllinin təmin edilməsi üçün müvafiq addımların atılması qərara alınıb.
Məşhur Məmmədov qeyd edib ki, vətəndaşlarla birbaşa ünsiyyət, onların fikir və təkliflərinin dinlənilməsi, problemlərinin öyrənilməsi deputat fəaliyyətinin ayrılmaz hissəsidir. O vurğulayıb ki, hər bir müraciət diqqətlə araşdırılır və insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində səylər bundan sonra da davam etdiriləcək.
Keçirilən qəbul bir daha göstərdi ki, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də təhsil və digər sosial sahələrdə vətəndaşların problemlərinin operativ həlli istiqamətində mütəmadi görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür qəbullar insanların dövlət qayğısını yaxından hiss etməsinə, onların müraciətlərinin çevik şəkildə həllinə və ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir