Son günlər müşahidə olunan güclü küləklər fonunda açıq sahələrdə aparılan tikinti və istehsalat işlərinin təhlükəsizliyi yenidən gündəmə gəlib. Əmək təhlükəsizliyi üzrə ekspert Sahib Məmmədov qüvvədə olan qaydalara istinad edərək bildirib ki, müəyyən külək həddindən sonra bir sıra işlərin davam etdirilməsi qadağandır.
Ekspertin sözlərinə görə, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. Tikinti sahələrində isə işin növündən asılı olaraq daha aşağı külək göstəricilərində belə fəaliyyətin dayandırılması tələb olunur.
Belə ki, kranların quraşdırılması zamanı küləyin gücü 2 balı, qaldırıcıların quraşdırılması və sökülməsi zamanı isə 3 balı keçdikdə işlər dayandırılmalıdır. Taxta-şalban işləri 6 baldan artıq, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi isə 3 baldan artıq küləkdə aparıla bilməz.
Dənizdə görülən işlər üçün təhlükəsizlik tələbləri daha genişdir. Qaydalara əsasən, küləyin gücündən asılı olaraq kran gəmiləri ilə tikinti-quraşdırma işləri, yükvurma və yükboşaltma əməliyyatları, qaynaq işləri, buruqların quraşdırılması və sökülməsi, quyuların təmiri, estakada və özüllərdə aparılan müxtəlif işlər mərhələli şəkildə dayandırılmalıdır. Bəzi yüksək riskli əməliyyatlarda hətta 3–5 bal külək belə işlərin dayandırılması üçün kifayət edir, 8–10 bal küləkdə isə əksər işlərin aparılması qəti qadağandır.
Sahib Məmmədov vurğulayıb ki, bu məhdudiyyətlər formal xarakter daşımır. Onların əsas məqsədi işçilərin həyat və sağlamlığını qorumaq, həmçinin istehsalat qəzalarının qarşısını almaqdır.
Ekspert qeyd edib ki, küləkli hava şəraitində işəgötürənlər və məsul şəxslər hava proqnozlarını diqqətlə izləməli, təhlükəsizlik qaydalarına ciddi əməl etməli və normativlərdə nəzərdə tutulan hallarda işləri dərhal dayandırmalıdırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.