Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində ikinci maarifləndirici tədbir İsmayıllı rayon Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ keçirilib.
Tədbirdə layihə rəhbəri Qəmzə Yusubova çıxış edərək layihənin məqsədi, qarşıya qoyulan hədəflər və həyata keçiriləcək fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, ekoloji problemlərin həlli yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir və gənclərin bu istiqamətdə maarifləndirilməsi böyük əhəmiyyət daşıyır.
Daha sonra təlimçi-ekspert Rasim Məmmədov ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin təsirləri, tullantıların düzgün idarə olunması, təkrar emalın əhəmiyyəti və təbii sərvətlərdən səmərəli istifadə mövzularında təqdimatla çıxış edib. Təlim interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılar ekoloji biliklərinin artırılmasına xidmət edən belə layihələrin davamlı keçirilməsinin vacibliyini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, layihə çərçivəsində İsmayıllı rayonunun müxtəlif təhsil müəssisələrində və ictimai məkanlarında ekoloji maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.
Azadmedia.az QHT.az saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması, ətraf mühitin qorunmasına ictimai dəstəyin gücləndirilməsi və xüsusilə gənclərin ekoloji bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.