Nizami Tibb Mərkəzinin mətbuat katibi vəzifəsindən ayrılıb

Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat katibi Namidə İsayeva vəzifəsindən ayrılıb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Namidə İsayeva bildirib ki, öz təşəbbüsü ilə Nizami Tibb Mərkəzindəki fəaliyyətini başa vurur.
"Dörd il ərzində burada ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri kimi çalışdım. Bu müddət mənə səhiyyə sahəsini daha yaxından tanımağı, vətəndaşlarla peşəkar şəkildə işləməyi, media ilə münasibətlərin qurulmasını, böhran vəziyyətlərinin idarə edilməsini və bir çox başqa dəyərli təcrübələr qazandırdı", – deyə o qeyd edib.
Namidə İsayeva fəaliyyəti dövründə kimliyindən asılı olmayaraq müraciət edən hər kəsə bacardığı qədər dəstək olmağa çalışdığını vurğulayıb. O, səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin zaman və məkan tanımadığını bildirərək, gecə saatlarında, həftəsonu və məzuniyyət günlərində edilən müraciətlərə də cavab verməyə çalışdığını qeyd edib.
Keçmiş mətbuat katibi media nümayəndələrinə də təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, jurnalistlər mərkəzin açıqlamalarını işıqlandırmaqla vətəndaşlarla səhiyyə müəssisəsi arasında körpü rolunu oynayıblar.
Namidə İsayeva həmçinin çalışdığı kollektivə minnətdarlığını bildirərək, bu illər ərzində dəyərli insanlarla tanış olduğunu, yaxşı dostlar qazandığını və Nizami Tibb Mərkəzindən xoş xatirələrlə ayrıldığını vurğulayıb.
Paylaşımını "Hər son yeni bir başlanğıcdır!" sözləri ilə tamamlayan Namidə İsayeva gələcək fəaliyyəti ilə bağlı əlavə məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.