Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində növbəti və yekun tədbir baş tutub.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində təşkil olunan 5-ci və sonuncu dəyirmi masa İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilib. Tədbirdə fermerlər, bələdiyyə və icma nümayəndələri, kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, eləcə də rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin sədri Qəmzə Yusubova iştirakçıları salamlayaraq layihənin məqsədi, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi əhali arasında ekoloji biliklərin artırılması, ətraf mühitin mühafizəsi istiqamətində ictimai maarifləndirmənin gücləndirilməsi, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqinin təşviqi, həmçinin ekoloji məsuliyyətin formalaşdırılmasına töhfə verməkdir.
Qəmzə Yusubova çıxışında vurğulayıb ki, dünyada iqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda yaşıl enerji siyasətinin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır. Günəş, külək, su və digər bərpa olunan enerji mənbələrindən səmərəli istifadə həm ətraf mühitin qorunmasına, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və karbon emissiyalarının azaldılmasına mühüm töhfə verir.
Daha sonra layihənin təlimçi eksperti Rasim Məmmədov "Alternativ və yaşıl enerji mənbələrinin tətbiqi, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq" mövzusunda təqdimatla çıxış edib. Ekspert yaşıl enerji texnologiyalarının üstünlükləri, enerji resurslarından qənaətlə istifadə yolları, kənd təsərrüfatında alternativ enerji həllərinin tətbiqi, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf prinsipləri barədə iştirakçılara geniş məlumat verib.
Dəyirmi masa çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar yaşıl iqtisadiyyatın inkişafı, alternativ enerji texnologiyalarının regionlarda tətbiqi, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və ekoloji maarifləndirmənin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Fermerlər və yerli sakinlər yaşıl enerji sistemlərinin tətbiqi, günəş panellərindən istifadə imkanları, enerji qənaəti, tullantıların düzgün idarə olunması və ekoloji davranış vərdişlərinin formalaşdırılması ilə bağlı öz təkliflərini səsləndiriblər. Tədbir iştirakçılarının çoxsaylı sualları ekspert tərəfindən ətraflı cavablandırılıb.
Qeyd olunub ki, alternativ enerji mənbələrinin geniş tətbiqi təbii resurslardan səmərəli istifadəyə, ətraf mühitin mühafizəsinə, kənd təsərrüfatının dayanıqlı inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edən əsas istiqamətlərdən biridir. Bu baxımdan həyata keçirilən maarifləndirici tədbirlər cəmiyyətin ekoloji bilik və məsuliyyətinin artırılmasına mühüm töhfə verir.
Sonda layihə çərçivəsində keçirilən bütün tədbirlərin uğurla başa çatdığı vurğulanıb. Bildirilib ki, yaşıl enerji və ekoloji təhlükəsizlik sahəsində maarifləndirmə işlərinin davamlı həyata keçirilməsi gələcək nəsillərə sağlam ətraf mühitin, güclü iqtisadiyyatın və dayanıqlı inkişaf modelinin miras qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları layihənin icrasını yüksək qiymətləndirərək regionlarda bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Fotolar