Gürcüstanda 2026-cı ildən ali təhsilin maliyyələşdirilməsi sistemi tamamilə dəyişəcək. Hökumətin yeni qərarına əsasən, dövlət universitetlərinə qəbul olunan bütün tələbələr təhsil haqqından azad ediləcək. Bununla yanaşı, özəl universitetlərdə təhsil alan tələbələr üçün dövlət qrantı sistemi ləğv olunacaq.
Bu barədə Gürcüstanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Qeyd olunub ki, yeni maliyyələşdirmə modeli 2026-cı ildən qüvvəyə minəcək və dövlət ali məktəblərinə qəbul olunan hər bir tələbə pulsuz təhsil alacaq.
Gürcüstanın təhsil naziri Givi Mikanadze bildirib ki, gələn ildən etibarən birinci kurs tələbələri üçün mövcud qrant və vauçer sistemi tətbiq edilməyəcək. Onun sözlərinə görə, hazırda təhsil alan yuxarı kurs tələbələri əvvəlki qaydada qrantlardan yararlanmağa davam edəcəklər, lakin bu sistem mərhələli şəkildə dayandırılacaq.
Baş nazir də əlavə açıqlamasında vurğulayıb ki, 2026-cı ildən etibarən dövlət universitetlərində bütün tələbələr üçün təhsil ödənişsiz olacaq. Hökumət dövlət universitetlərinin maliyyələşdirilməsini birbaşa büdcədən təmin edəcək. Ayrılan vəsait həm müəllimlərin əməkhaqlarının artırılmasına, həm də ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Nazirin sözlərinə görə, dövlət universitetləri öz maliyyə ehtiyaclarını hökumətə təqdim edəcək və ayrılacaq vəsait həmin ehtiyaclara uyğun müəyyənləşdiriləcək. Yalnız dövlət sifarişi olduğu halda müəyyən ixtisaslar üzrə özəl universitetlərə də maliyyə dəstəyi göstərilə bilər.
Məlumata görə, ali təhsil islahatının yeni konsepsiyası hökumət tərəfindən ötən ilin dekabrında təsdiqlənib və əsas məqsəd dövlət universitetlərinin inkişafını sürətləndirməkdir.
Statistikaya əsasən, 2025-ci tədris ilində Gürcüstanda bakalavr pilləsində 125 612 tələbə təhsil alır. Onlardan 80 281 nəfəri dövlət, 45 331 nəfəri isə özəl universitetlərdə oxuyur. Magistratura səviyyəsində 57 377, doktoranturada isə 4 810 tələbə təhsil alır.
Hazırda hökumət yalnız müəyyən prioritet ixtisasları tam maliyyələşdirir. Yeni dəyişikliklə isə dövlət universitetlərində bütün fakültələr və ixtisaslar üzrə təhsil tam dövlət hesabına olacaq. Bu qərarın ali təhsilə çıxış imkanlarını genişləndirəcəyi və dövlət universitetlərinin rəqabət qabiliyyətini artıracağı gözlənilir.