Şamaxı rayonunun Dəmirçi kənd sakini Kamil Hüseynov redaksiyamıza müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra iddialar irəli sürüb.
Müraciətdə bildirilir ki, idarəyə yeni təyin olunduğu deyilən rəis Elmar Musayevin rəhbərliyi dövründə bəzi müfəttişlərin rayonlarda fəaliyyət göstərən obyektlərdən qanunsuz pul yığdığı iddia olunur. Şikayətçi iddia edir ki, müfəttişlər Rauf Əhlimanov, Ramazan Gidayev və Mehman Xamputayev müxtəlif obyektlərdə sahibkarlara təzyiq göstərir, bəzi hallarda isə cərimə tətbiq etməmək müqabilində onlardan müxtəlif formada faydalar əldə edirlər.
Vətəndaş hesab edir ki, bu cür halların baş verməsi ölkədə qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə ziddir. O, aidiyyəti dövlət qurumlarından məsələni araşdırmağı və iddialara hüquqi qiymət verilməsini xahiş edir.
Qeyd edək ki, redaksiyamız müraciətdə yer alan iddiaların doğru olduğunu təsdiq etmir və onları şikayətçinin mövqeyi kimi təqdim edir.
Şikayətçi sosial media hesabında da bu barədə məlumat yauıb.
Redaksiyamız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, eləcə də adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırdır. Qarşı tərəfin cavabı daxil olduğu təqdirdə olduğu kimi yayımlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.