Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru təqdim olundu – Təyinatla bağlı tənqidlər və iddialar gündəmdə
Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir müavini bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biridir. Onun sözlərinə görə, universitetin Himayəçilər Şurası qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.
Yeni rektor Nəcibə Nəsibova isə çıxışında universitetin akademik və inzibati heyətini salamlayaraq qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti yalnız yeni nəsil universitet modeli deyil, həm də Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və ortaq dəyərlərin təcəssümüdür. O, göstərilən etimada görə təşəkkür edib və qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə təhsil verilir. Tədris müvafiq olaraq Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan tərəfdən tərəfdaş ali məktəb qismində Azərbaycan Texniki Universiteti iştirak edir. Təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır.
Hazırda universitetdə 174 tələbə təhsil alır. Bu il isə üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb.
Lakin rektor təyinatı ictimai müzakirələrə də səbəb olub. Sosial şəbəkələrdə və müxtəlif media platformalarında bir sıra şəxslər bu təyinatı tənqid edərək universitetə elmi fəaliyyətlə tanınan bir alimin rəhbərlik etməsinin daha məqsədəuyğun olacağını bildiriblər. Bəzi müəlliflər Nəcibə Nəsibovanın daha çox diplomatik və inzibati təcrübəyə malik olduğunu, lakin ali təhsil müəssisəsinə rəhbərlik üçün elmi göstəricilərinin kifayət etmədiyini iddia ediblər.
Bununla yanaşı, bəzi yazılarda Nəcibə Nəsibovanın uzun illər Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə fəaliyyət göstərdiyi, özünü "eğitim ataşesi" kimi təqdim etməsi və bu yanaşmanın müzakirələrə səbəb olduğu qeyd olunur.
Eyni zamanda, bəzi media orqanlarında Nəcibə Nəsibova və ailə üzvləri ilə bağlı müxtəlif iddialar da yer alıb. Həmin iddialarda onun qızına məxsus olduğu bildirilən şirkətin Türkiyədə müxtəlif dövlət qurumlarının tenderlərində qalib gəldiyi, diplomatik əlaqələrdən istifadə edildiyi, həmçinin Türkiyədə daşınmaz əmlaka sahib olması barədə məlumatlar irəli sürülür. Qeyd olunan iddialar müstəqil şəkildə təsdiqini tapmayıb və bu barədə rəsmi qurumlar tərəfindən hər hansı hüquqi qiymətləndirmə açıqlanmayıb.
Məsələ ilə bağlı Nəcibə Nəsibovanın və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq. Qarşı tərəfin cavabı daxil olduğu təqdirdə materialda dərc ediləcək.