AFN.az saytının baş redaktoru, tanınmış jurnalist Həbibə Abdulla “Bank Respublika”nı əməkhaqqı hesabını əsassız və qanunsuz şəkildə bloklamaqda ittiham edib. O bildirib ki, bankın yol verdiyi səhv ucbatından günlərdir öz pulundan istifadə edə bilmir.
Jurnalistin sözlərinə görə, hesabına 100 faiz həbs qoyulub, nəticədə heç bir ödəniş və ya bank əməliyyatı həyata keçirə bilmir. O iddia edir ki, problem bankın səhvindən qaynaqlansa da, günlərdir məsələ qəsdən həll olunmur.
Həbibə Abdulla bildirib ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət etsə də, ali qurum banka yalnız tövsiyə verməklə kifayətlənib. Onun sözlərinə görə, nə bank, nə də digər aidiyyəti qurumlar problemi aradan qaldırmaq üçün real addım atır.
“İcraçı bir tərəfdə, mən bir tərəfdə, bank da bir tərəfdədir. Günlərdir əməkhaqqı hesabımın üzərindəki həbs götürülmür. Bu, açıq-aşkar hüquq pozuntusu və vətəndaşın öz vəsaitinə çıxışının məhdudlaşdırılmasıdır”, – deyə jurnalist bildirib.
O vurğulayıb ki, hazırda bir aylıq əməkhaqqının yarısı bloklanmış hesabında qalıb və həmin vəsaitdən istifadə edə bilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.