Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır.
Bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilən ustad dərsində bildirilib.
Qeyd olunub ki, forenzik audit fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadəsi hallarının aşkarlanması, sübut bazasının formalaşdırılması və dəymiş zərərin hesablanması məqsədilə aparılan ixtisaslaşmış yoxlamadır. Bu zaman əldə edilən sübutların məhkəmə və istintaq orqanlarında istifadəyə yararlı olması vacibdir.
Bildirilib ki, tipik fırıldaqçılıq sxemləri əsasən üç kateqoriyaya – aktivlərin mənimsənilməsi, maliyyə hesabatlarının təhrif edilməsi və korrupsiyaya bölünür.
Risk əsaslı audit zamanı isə auditor resurslarını təhrif riskinin daha yüksək olduğu sahələrə yönəldir, riskləri müəyyənləşdirərək qiymətləndirir və müvafiq cavab tədbirləri hazırlayır.
Forenzik audit çərçivəsində dəymiş zərərin hesablanmasında əsasən dörd metoddan – birbaşa itki, əldən çıxmış mənfəət, bərpa dəyəri və müqayisəli metodlardan istifadə olunur.
Ustad dərsində həmçinin fırıldaqçılıq risklərinin qiymətləndirilməsi, "qırmızı bayraqların" müəyyən edilməsi, analitik prosedurlar və sübutların toplanması məsələləri müzakirə olunub.
Onlayn formatda keçirilən tədbirdə Auditorlar Palatasının 89 üzvü iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.