Masallı RİHB cənab Araz Əhmədovdan təbrik məktubu
Əziz Masallı sakinləri!
Sizi Masallı rayonunun yaradılmasının 96-cı ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti və yeni uğurlar arzulayırıq.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Masallı zəngin tarixi, özünəməxsus milli-mənəvi dəyərləri, əsrarəngiz təbiəti, zəhmətkeş insanları və yüksək vətənpərvərlik ruhu ilə ölkəmizin seçilən bölgələrindəndir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə Masallıya inzibati rayon statusu verilmiş, bununla da rayonun ictimai-siyasi və sosial-iqtisadi inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Arxada qalan 96 il ərzində Masallı böyük inkişaf yolu keçərək kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və sahibkarlıq sahələrində mühüm nailiyyətlər qazanmışdır. Bu uğurların təməlində dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, rayon sakinlərinin zəhməti, birlik və həmrəyliyi dayanır. Bu gün Masallı müasir infrastrukturu, abad yaşayış məntəqələri, dinamik iqtisadi inkişafı və sosial rifahı ilə Azərbaycanın sürətlə inkişaf edən rayonlarından biri kimi tanınır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin bütün bölgələri kimi Masallının da inkişafına daim xüsusi diqqət yetirmiş, cənub bölgəsinə səfərləri zamanı rayon sakinlərinin zəhmətkeşliyini, dövlətçiliyə sədaqətini və yüksək mənəvi keyfiyyətlərini xüsusi vurğulamışdır. Ulu Öndərin Masallı haqqında söylədiyi "Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır" fikri bu gün də rayon sakinləri üçün böyük etimadın və yüksək qiymətin ifadəsidir.
Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Masallıda genişmiqyaslı quruculuq və abadlıq işləri görülmüş, yollar yenidən qurulmuş, sosial obyektlər istifadəyə verilmiş, qaz, elektrik, içməli su və digər infrastruktur layihələri uğurla həyata keçirilmiş, kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün 228 699 nəfər əhalisi, 721 kvadratkilometr ərazisi, 37 inzibati ərazi dairəsi, 1 şəhər, 2 qəsəbə və 100 kənddən ibarət 103 yaşayış məntəqəsi olan Masallı özünün iqtisadi potensialı, zəngin kənd təsərrüfatı ənənələri, turizm imkanları, müasir infrastrukturu və insan kapitalı ilə ölkəmizin davamlı inkişaf edən rayonlarından biri kimi yeni uğurlara imza atır.
Əminik ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasət, rayon sakinlərinin zəhməti və birliyi sayəsində Masallı bundan sonra da inkişaf yolunu inamla davam etdirəcək, yeni layihələr, yeni nailiyyətlər və yeni uğurlarla öz şanlı tarixini daha da zənginləşdirəcəkdir.
Masallı rayonunun yaradılmasının 96-cı ildönümü münasibətilə bütün rayon sakinlərini bir daha ürəkdən təbrik edir, hər bir ailəyə möhkəm cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət, rayonumuza isə davamlı inkişaf, əmin-amanlıq və firavan gələcək arzulayırıq.
Hörmətlə,
Araz Əhmədov
Masallı Rayon İcra Hakimiyyətinin başçısı