Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Handanoviç "Elektroprivreda Srbije" (EPS) və "Srbijagas" şirkətlərinin, eləcə də Niş şəhər rəhbərliyinin nümayəndələri ilə şəhərin yaxınlığında 500 MVt gücündə qaz elektrik stansiyasının inşası layihəsinin həyata keçirilməsi üzrə növbəti addımları müzakirə edib.
Bu barədə "Report" Serbiya mediasına istinadən xəbər verir.
Qeyd olunub ki, layihənin hazırlanması çərçivəsində rəhbər komitə, layihənin idarə edilməsi qrupu və beş texniki işçi qrupu formalaşdırılıb, bütün iştirakçıların hərəkətlərinin əlaqələndirilməsinə başlanılıb.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə layihənin ilkin texniki-iqtisadi əsaslandırması razılaşdırılır.
"Bu mərhələdə ən mühüm vəzifə EPS, "Srbijagas" və SOCAR arasında səhmdar sazişinin hazırlanmasının başa çatdırılmasıdır. Sənəd birgə müəssisə yaratmağa, layihənin kommersiya parametrlərini və onun icrasında iştirak edən şirkətlərin öhdəliklərini müəyyən etməyə imkan verəcək", - Cedoviç Handanoviç deyib.
Görüşdə həmçinin zəruri sənədlərin hazırlanması, infrastrukturun yaradılması və yeni elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması üçün investorların cəlb edilməsi məsələləri müzakirə olunub.
Nazir vurğulayıb ki, Niş yaxınlığındakı qaz elektrik stansiyası Serbiya üçün strateji əhəmiyyətli layihədir. Stansiya elektrik və istilik enerjisi istehsal edəcək. Onun tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
"Bu, EPS, Serbiya hökuməti və Azərbaycanın SOCAR şirkətinin ilk birgə layihəsi olacaq. Serbiya üçün onun reallaşdırılması enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istehlakçıların etibarlı təminatı və ölkənin cənubunda sənayenin inkişafı üçün əlavə imkanların yaradılması demək olacaq", - Cedoviç Handanoviç qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıblar. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.
İyunun əvvəlində EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının başlıca prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.