Azərbaycanlı jurnalistlər Özbəkistanın rəqəmsal ekosistemi ilə tanış olublar

Azərbaycanlı jurnalistlər Özbəkistanın rəqəmsal ekosistemi ilə tanış olublar
Avqustun 19-da Özbəkistanda səfərdə olan Azərbaycan media nümayəndələri “IT Park Uzbekistan”ın fəaliyyəti ilə tanış olublar.
Press-tur çərçivəsində jurnalistlərə Özbəkistanın rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya şirkətləri və startaplar üçün əlverişli ekosistemin yaradılması, ixtisaslı İT mütəxəssislərinin hazırlanması, xarici investisiyaların cəlb edilməsi və rəqəmsal xidmətlərin ixracının dəstəklənməsi istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verilib.
“IT Park Uzbekistan”ın birbaşa xarici investisiyalar və şirkətlərlə əlaqələr üzrə meneceri Azamat Rəhmon-Zadənin sözlərinə görə, qurum dünyanın 104 ölkəsindən İT şirkətləri ilə əməkdaşlıq edir. Buraya Azərbaycan şirkətləri də daxildir.
Hazırda “IT Park”ın 14 regional filialı və 6 beynəlxalq nümayəndəliyi fəaliyyət göstərir. Ekosistemə ümumilikdə 3,8 minə yaxın texnologiya şirkəti daxildir. Onlardan 1 mindən çoxu ixracyönümlü, 1 mindən çoxu isə xarici şirkətlərdir.
Jurnalistlərə Özbəkistanda İT sahəsi üzrə kadr hazırlığı barədə də məlumat verilib. Ölkədə 145 İT universitetində 129 mindən çox tələbə təhsil alır. Bundan əlavə, 500-dən çox İT mərkəzində hər il 55 mindən artıq məzun hazırlanır.
“Bir milyon özbək proqramçısı” proqramı çərçivəsində isə 2 milyondan çox insan təlim keçib. Dövlət beynəlxalq İT sertifikatlarının əldə olunması xərclərinin 100 faizədək hissəsini də kompensasiya edir.
Özbəkistanda startap ekosisteminin inkişafına da xüsusi diqqət yetirilir. Bu sahənin ümumi dəyəri 4,3 milyard dolları ötür. Ölkədə 1,6 mindən çox startap və iki “unikorn” şirkət fəaliyyət göstərir. Hər il ümumi mükafat fondu 11 milyon dollar olan üç beynəlxalq startap müsabiqəsi keçirilir. Startap ekosistemində ümumi kapitalı 200 milyon dollardan çox olan 22 fond da yer alır.
Məlumata görə, Özbəkistanın texnologiya şirkətləri təxminən 2,8 milyard dollar həcmində rəqəmsal xidmət göstərir. Rəqəmsal xidmətlərin ixracının həcmi isə 1 milyard dollardan çoxdur. Bu xidmətlər dünyanın 100-dən artıq ölkəsinə ixrac olunur.
Press-tur iştirakçılarına Özbəkistanda dövlət idarəçiliyinin rəqəmsal transformasiyası barədə də məlumat verilib. “Rəqəmsal Özbəkistan – 2030” strategiyası çərçivəsində 3,3 mindən çox rəqəmsal layihə həyata keçirilib. 160 növ arayış və sənədin tələb olunması ləğv edilib, 150-dən çox lisenziya və icazənin alınması isə elektron formatda mümkün olub.
Hazırda ölkədə 800-dən çox elektron dövlət xidməti fəaliyyət göstərir. Təkcə 2025-ci ildə bu xidmətlərdən 42 milyondan çox dəfə istifadə olunub. Milli xidmət portalında 15 milyondan çox istifadəçi və 900-dən artıq inteqrasiya olunmuş sistem birləşdirilib.
Azərbaycanlı jurnalistlər həmçinin Özbəkistanın texnoloji infrastrukturu, rəqəmsal xidmətləri və xarici İT şirkətləri və investorlar üçün yaradılan imkanlarla tanış olublar.
Təqdimat zamanı bildirilib ki, Özbəkistan rəqəmsal iqtisadiyyat və İT sektorunu iqtisadi artımın, yeni iş yerlərinin yaradılmasının, ixracın genişləndirilməsinin və ölkənin qlobal texnoloji ekosistemə inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən biri hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.