Koroğlu–Elmlər Akademiyası istiqaməti uzun müddətdir sərnişinlərin ehtiyac duyduğu vacib nəqliyyat bağlantılarından biridir. Bu səbəbdən M6 nömrəli ekspres marşrutun hərəkət sxeminin dəyişdirilərək Koroğlu istiqamətinə uzadılması müsbət addımdır.
Vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınaraq, avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və burada aralıq dayanacaq edəcək. Marşrutun son dayanacağı isə “Koroğlu” metrostansiyası olacaq. Beləliklə, M6 ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” metro stansiyalarını birbaşa əlaqələndirəcək.
Bu dəyişiklik xüsusilə Koroğlu tərəfdən Elmlər Akademiyası istiqamətində hərəkət edən sərnişinlər üçün ciddi rahatlıq yarada bilər. Çünki həmin istiqamətdə gün ərzində, xüsusilə səhər və axşam pik saatlarında kifayət qədər böyük sərnişin axını formalaşır.
Əslində, Koroğludan Elmlərə birbaşa işləyəcək belə ekspres xəttin çoxdan ehtiyac duyulan marşrutlardan biri olduğunu demək olar. İndi əsas məsələ isə xəttin sadəcə açılması deyil, sərnişin tələbatına uyğun, normal interval və kifayət qədər avtobusla işləməsidir.
Əgər pik saatlarda avtobusların intervalı uzun olarsa, yeni marşrutun yaratdığı üstünlük gözlənilən səviyyədə hiss olunmaya bilər. Əksinə, xətt tam gücü ilə və sıx intervalda fəaliyyət göstərərsə, həm sərnişinlərin rahatlığı artacaq, həm də digər nəqliyyat xətlərinin yükünün müəyyən qədər azalmasına imkan yaranacaq.
Ona görə də bu xəttin açılması ilə yanaşı, sərnişin axınının ilk gündən düzgün qiymətləndirilməsi vacibdir. Tələbat yüksək olarsa, avtobusların sayının artırılması və intervalın daha da qısaldılması nəzərdən keçirilməlidir.
Koroğludan Elmlərə birbaşa bağlantı vacibdir. İndi gözlənti sadədir: xətt açılsın və real ehtiyaca uyğun işləsin. Çünki bu istiqamətdə sərnişin axınının çox olacağı indidən görünür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.