9 yaşlı uşağın ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilir – DİN araşdırmaya başlayıb
9 yaşlı M. Əliyevanın ögey anası tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığı barədə müraciət aidiyyəti qurumlara çatdırılıb.
Müraciətdə bildirilir ki, anası vəfat etdikdən sonra M.-ə bir müddət başqa bir ailə tərəfindən baxılıb. Daha sonra atası yenidən ailə qurub. İddialara görə, bundan sonra uşağın ögey anası tərəfindən mütəmadi olaraq döyüldüyü, təhqir və təzyiqə məruz qaldığı bildirilib.
Müraciətdə uşağın bədənində müxtəlif göyərmələrin olduğu, burnunun sınıq olduğu və saçlarının ikinci dəfə dibdən kəsildiyi qeyd edilir. Uşağın təhsildən yayınması ilə bağlı da narahatlıq ifadə olunub.
Məlumata görə, azyaşlı daha əvvəl də polisə müraciət zamanı dindirilib. Lakin iddiaların araşdırılması zamanı uşağın psixoloqun iştirakı olmadan dindirildiyi bildirilir. Uşağın zorakılıqla bağlı söylədiklərinin ailə üzvləri tərəfindən qəbul edilmədiyi də iddia olunur.
Müraciətdə qonşuların sözlərinə də yer verilib. Onların bildirdiyinə görə, uşaq gün ərzində uzun müddət küçədə qalır. Uşağın isə evə getməməsinin səbəbi kimi ögey anasının ona “evə gəlmə” dediyini söylədiyi qeyd olunur.
Hadisə ilə bağlı “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə də müraciət edildiyi bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də məlumat verilib. Paylaşımın müəllifinin sözlərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli onunla əlaqə saxlayaraq məlumatdan xəbərdar olduqlarını və araşdırma aparıldığını bildirib.
Hazırda əsas məsələ 9 yaşlı uşağın təhlükəsizliyinin təmin edilməsi, onun vəziyyətinin peşəkar şəkildə qiymətləndirilməsi və zorakılıq iddialarının obyektiv araşdırılmasıdır.
Uşaqlara qarşı mümkün zorakılıq hallarında onların ifadələrinin təhlükəsiz şəraitdə, psixoloq və digər müvafiq mütəxəssislərin iştirakı ilə alınması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, məktəb və digər aidiyyəti qurumların uşağın təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsi vacibdir.
Qeyd: Hadisə ilə bağlı səsləndirilən məlumatlar hazırda iddia xarakterlidir. Araşdırmanın nəticəsindən asılı olaraq məsul şəxslərin hüquqi qiymətləndirilməsi mümkün olacaq.