“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.
Müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır.
Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.
ADY-nin müasir texnologiyalarla, o cümlədən ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmiryol infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.
Aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur müəyyən edildikdə, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Bundan sonra həmin əraziyə baxış keçirilir və müəyyən edilmiş problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.
Belə tədbirlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər daxildir.
Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.