AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar ixrac mövsümü başlayır: sahibkarlara mühüm xəbərdarlıq

  • + A
  • - A
  • Bu gün, 10:14

    Aqrar ixrac mövsümü başlayır: sahibkarlara mühüm xəbərdarlıq

    Azərbaycanın bitkiçilik məhsullarının xarici bazarlara çıxarılması ilə bağlı yeni ixrac mövsümünə hazırlıq işləri davam etdirilir. Məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin qorunması, ixrac zamanı mümkün problemlərin qarşısının alınması və xarici ölkələrin tələblərinə uyğunluğun təmin edilməsi diqqətdə saxlanılır.

    Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün müvafiq maarifləndirici və təşkilati tədbirlər həyata keçirilir.

    İxrac prosesində əsas məsələlərdən biri məhsulların düzgün qablaşdırılması və etiketlənməsidir. Sahibkarlar məhsullarını xarici bazara çıxararkən yalnız Azərbaycan qanunvericiliyinin deyil, həm də məhsulun göndərildiyi ölkənin tələblərinin nəzərə alınmasına xüsusi diqqət yetirməlidirlər.

    Məhsulun xüsusiyyətindən asılı olaraq uyğun qablaşdırmadan istifadə edilməli, etiketlər tara üzərində möhkəm və dayanıqlı şəkildə yerləşdirilməli, üzərində tələb olunan məlumatlar tam və oxunaqlı formada göstərilməlidir.

    İxrac edilən məhsulların daşınmasında istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları ilə bağlı da xüsusi tələblər mövcuddur. Belə materiallar “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta əsasən müvafiq qaydada işlənməlidir. Bu tələb beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınmasına xidmət edir.

    Digər mühüm məsələ isə məhsulların ölkə daxilində daşınması zamanı fitosanitar tələblərə əməl olunmasıdır. İxrac üçün nəzərdə tutulan bitkiçilik məhsulları bir ərazidən digərinə, o cümlədən məhsulların boşaldıldığı, qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı ərazilərə daşınarkən daxili karantin sertifikatı ilə müşayiət olunmalıdır.

    Məhsulun xarici ölkəyə göndərilməsi mərhələsində isə fitosanitar sertifikatın alınması üçün istehsalçı və məhsulun mənşəyi barədə məlumatların düzgün təqdim edilməsi vacibdir. Bu məlumatlar məhsul partiyasının qiymətləndirilməsi və ixrac üçün zəruri sənədlərin rəsmiləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

    Qida Təhlükəsizliyi Agentliyi mövsüm ərzində sahibkarların qarşılaşa biləcəyi riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını almaq məqsədilə ixracatçılarla mütəmadi görüşlər keçirir. Görüşlər zamanı məhsulların hazırlanması, qablaşdırılması, daşınması və fitosanitar tələblərə uyğunluğu ilə bağlı məsələlər izah edilir.

    Sahibkarların bu qaydalara əməl etməməsi isə məhsulların idxalçı ölkədə qəbul edilməməsi, yükün sərhəddə saxlanılması, ixrac prosesinin gecikməsi və əlavə maliyyə itkilərinin yaranması ilə nəticələnə bilər.

    Bu baxımdan, yeni ixrac mövsümündə məhsul istehsalçıları və ixracatçıların beynəlxalq standartlara əvvəlcədən hazırlaşması, qablaşdırma və etiketləmə qaydalarına ciddi riayət etməsi Azərbaycanın aqrar məhsullarının xarici bazarlarda etibarlı və rəqabətqabiliyyətli mövqeyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR