Xətai rayonunda yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Aparılan prosessual hərəkətlər zamanı yeniyetmənin “Roblox” oyun platformasında psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışlarla qarşılaşdığı müəyyən olunub.
Hazırda hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsiri araşdırılır.
Baş Prokurorluq valideynləri uşaqların internet və sosial platformalardan istifadəsinə nəzarəti gücləndirməyə, onların istifadə etdikləri elektron qurğuların təhlükəsizlik imkanlarından yararlanmağa çağırıb.
Qurum uşaqların davranış və gündəlik vərdişlərindəki dəyişikliklərə diqqət yetirilməsinin, onları narahat edən məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsinin və belə hallarda uşaqlarla açıq ünsiyyət qurulmasının vacibliyini vurğulayıb.
Baş Prokurorluq internet və sosial şəbəkələrdə yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunların uşaqlar üçün ciddi risk yarada biləcəyini bildirib.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.