Ombudsman məhkumların hüquqları ilə bağlı açıqlama verib

Məhkumların saxlanma şəraiti və hüquqları monitorinq edilib
Ombudsman Aparatı bəzi erməni əsilli şəxslərin cəzaçəkmə müəssisələrində hüquqlarının pozulması ilə bağlı internet resurslarında yayılan məlumatlara münasibət bildirib.
Aparatın məlumatına görə, Milli Preventiv Mexanizm çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla müxtəlif mərhələlərdə görüşlər keçirilib və onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri mütəmadi monitorinq edilib.
Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edilmədən keçirilən başçəkmələr zamanı məhkumlara hüquqları ana dillərində izah olunub, tibbi vəziyyətləri yoxlanılıb, müraciətləri əsasında müxtəlif dillərdə kitablar və qanunvericilik aktları təqdim edilib.
Məlumata əsasən, məhkumların Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət etmək imkanları var. Onların tibbi müayinə, əlavə telefon danışıqları, notariat xidmətləri və digər müraciətlərinin qanunvericiliyə uyğun təmin edildiyi qeyd olunub.
Açıqlamada həmçinin məhkumların saxlanma şəraitinin müasir standartlara cavab verdiyi, onlara münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi və hüquqlarının təmin olunduğu bildirilib.
Ombudsman Aparatı aparılan monitorinq və başçəkmələrin nəticələrinə əsasən, ağır cinayətlərə görə məhkum edilmiş həmin şəxslərin hüquqlarının təmin olunduğunu açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.