AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YERALTI SƏRVƏTLƏRDƏN YENİ SƏNAYE XƏTTİNƏ

  • + A
  • - A
  • Bu gün, 16:47

    YERALTI SƏRVƏTLƏRDƏN YENİ SƏNAYE XƏTTİNƏ


    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi

    Azərbaycan iqtisadiyyatında yeni mərhələ başlayır. Uzun illər iqtisadi inkişafın əsas dayaqlarından biri olan neft-qaz sektoru ilə yanaşı, ölkənin digər təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi və qeyri-neft sənayesinin genişləndirilməsi qarşıdakı illərin əsas istiqamətlərindən birinə çevrilir.
    Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də məhz bu yeni mərhələnin konturlarını ortaya qoyur.
    Söhbət yalnız ayrı-ayrı yataqların istismarından getmir. Qarşıya qoyulan məqsəd dağ-mədən sənayesini hasilatdan emala, emaldan metallurgiyaya qədər uzanan tam istehsal zəncirinə çevirməkdir.
    Bu isə Azərbaycanın qeyri-neft sektorunda yeni və müasir sənaye istiqamətinin formalaşması deməkdir.
    Dövlət Proqramının 2027–2030-cu illərdə icrası nəzərdə tutulur. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, regionlarda yeni istehsal sahələrinin, infrastrukturun və xidmət sektorunun inkişafı üçün əlavə imkanlar yaranacaq.
    Əslində, bu siyasətin təməlində uzun illər ərzində həyata keçirilən regional inkişaf proqramları dayanır. Ötən dövrdə yolların, məktəblərin, xəstəxanaların, enerji və digər infrastruktur obyektlərinin yaradılması bölgələrdə iqtisadi fəallığın artmasına şərait yaradıb. İndi isə bu infrastrukturun üzərində yeni sənaye müəssisələrinin qurulması üçün imkanlar genişlənir.
    Azərbaycanın iqtisadi inkişaf modelində qeyri-neft sektorunun çəkisi də getdikcə artır.
    Prezidentin müşavirədə açıqladığı rəqəmlərə görə, 2026-cı ilin ilk 8 ayında qeyri-neft sektoru 5,4 faiz artıb. Ümumi iqtisadi artım isə 1,2 faiz təşkil edib. Bu fərq bir daha göstərir ki, neft hasilatındakı təbii azalma fonunda iqtisadi artımın əsas mənbələrindən biri məhz qeyri-neft sektorunun inkişafıdır.
    Çünki Azərbaycanın əsas neft yataqlarından olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun artıq uzun illərdir istismarda olması hasilat dinamikasına da təsir göstərir. Buna görə də qarşıdakı mərhələdə iqtisadiyyatın şaxələndirilməsi strateji əhəmiyyət daşıyır.
    Dağ-mədən sənayesi də bu baxımdan xüsusi potensiala malikdir.
    Azərbaycanın işğaldan azad edilmiş əraziləri bu sahədə xüsusilə böyük imkanlar vəd edir. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqları artıq iqtisadi dövriyyəyə cəlb edilməyə başlanılıb.
    Ağdərədə işlərə start verilib. Növbəti mərhələdə Kəlbəcər və Zəngilandakı yataqların da istismara hazırlanması nəzərdə tutulur.
    Burada diqqət çəkən məqam təkcə mövcud yataqların işlənməsi deyil. Yeni geoloji kəşfiyyat işlərinin aparılması da proqramın əsas istiqamətlərindəndir.
    Çünki sovet dövründə aparılmış geoloji tədqiqatlardan sonra onilliklər keçib. Bu müddət ərzində həm texnologiyalar dəyişib, həm də yataqların potensialını daha dəqiq müəyyənləşdirməyə imkan verən müasir üsullar yaranıb.
    Deməli, yerin altında olan sərvətin həcmi və potensialı yenidən qiymətləndiriləcək.
    Bu baxımdan Naxçıvan da xüsusi əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, Muxtar Respublikada geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılması nəzərdə tutulur.
    Yəni xəritə genişlənir. Qarşıdakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yeni yataqların aşkarlanması və onların iqtisadi potensialının müəyyənləşdirilməsi istiqamətində işlər aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR