AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz isə qürur mənbəyimizdir

  • + A
  • - A
  • Bu gün, 15:39

    Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz isə qürur mənbəyimizdir

    Zaur Muradov.
    Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədr


    27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi oldu. Bu tarix Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə hər il Anım Günü kimi qeyd edilir və Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. 44 gün davam edən müharibə, ilk növbədə, Azərbaycan ərazilərinin uzun illər davam edən işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə kimi yadda qaldı.
    1988-ci ildən etibarən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşdü və uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
    Azərbaycan bütün bu illər ərzində məsələnin sülh və danışıqlar yolu ilə həllinə üstünlük verdi. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu çərçivəsində çoxsaylı görüşlər, danışıqlar və vasitəçilik səyləri həyata keçirildi. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında həll olunmasını tələb etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etdi. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı müddəalar öz əksini tapdı, işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin çıxarılması tələb edildi. Lakin bu qətnamələrin icrası uzun illər təmin olunmadı. Azərbaycan isə bütün bu müddət ərzində BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Helsinki Yekun Aktının müddəalarına sadiq qaldı.
    2016-cı ilin Aprel döyüşlərindən sonra da Azərbaycan sülh danışıqlarında iştirakını davam etdirdi. Lakin işğal faktının aradan qaldırılması istiqamətində real irəliləyiş əldə olunmadı. Atəşkəs rejiminin pozulması və hərbi təxribatlar davam etdi. Bununla yanaşı, Azərbaycan öz müdafiə qabiliyyətini gücləndirdi, müasir ordu quruculuğunu davam etdirdi, Silahlı Qüvvələrin maddi-texniki təminatını və döyüş hazırlığını daha yüksək səviyyəyə çatdırdı.
    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini atəşə tutması ilə genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına keçərək işğal altında olan ərazilərin azad edilməsinə başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və çoxsaylı kəndlərin, eləcə də Şuşa şəhərinin işğaldan azad edilməsi təmin edildi.
    Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi əməliyyatlarından biri oldu. Çətin relyef şəraitində, əsasən piyada qüvvələrin iştirakı ilə həyata keçirilən əməliyyat Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş hazırlığını, peşəkarlığını və fədakarlığını nümayiş etdirdi. Döyüşlər zamanı yüzlərlə hərbçimiz şəhid oldu, minlərlə hərbçimiz yaralandı.
    10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı. Bununla da 30 ilə yaxın davam edən işğala son qoyulması istiqamətində mühüm mərhələ başa çatdı.
    27 Sentyabr – Anım Günü bizə Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığını, onların ailələrinin göstərdiyi böyük mənəvi dözümü və xalqımızın milli birliyini xatırladır. Azərbaycanın bu tarixi Qələbəsi uzun illər davam edən diplomatik səylərin, beynəlxalq hüquqa əsaslanan mövqeyin, dövlətin ardıcıl siyasətinin, güclü ordu quruculuğunun və Vətən uğrunda canını əsirgəməyən qəhrəman Azərbaycan əsgərinin fədakarlığının nəticəsi kimi tarixə düşdü.

    Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların müqəddəs irsi Vətənə sədaqətin və dövlətçilik ruhunun ən yüksək nümunələrindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR