“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2026-cı il tarixindən həyata keçirdiyi “Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsini yekunlaşdırıb.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, üç ay davam edən layihənin məqsədi reklam mətnlərində Azərbaycan dilinin düzgün və ədəbi dil normalarına uyğun istifadəsini təşviq etmək, xarici söz və ifadələrdən yersiz istifadəyə diqqət çəkmək və ictimaiyyətin dil mədəniyyəti sahəsində maarifləndirilməsinə töhfə vermək olub.
Layihə çərçivəsində Bakı KOB Evində “Reklamda Azərbaycan dilinin saflığının qorunması” mövzusunda forum keçirilib. Forumun rəsmi açılışını İctimai Birliyin İdarə Heyətinin sədri Xəyalə Mütəllimova edib. Tədbirdə Bakı KOB Evinin direktoru Yusif Bağırov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, yazıçı-publisist və jurnalist Bahəddin Həzi, Əməkdar jurnalist Mətanət Ağamirli və Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Səyalı Səfərova çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Panel müzakirələrində filologiya elmləri doktoru Sevinc Əliyeva, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Milli Məclisin VII çağırış deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli və “Yurd” və “Media” FM-in təsisçisi Rüstəm Əliyev iştirak ediblər. Mütəxəssislər reklam və media mətnlərində ədəbi dil normalarının qorunması, düzgün ifadə formaları, xarici sözlərin Azərbaycan dilində qarşılıqlarından istifadə və reklam mətnlərində rast gəlinən dil xətaları barədə fikirlərini bölüşüblər.
Forumun aparıcısı və moderatoru Azərbaycan Milli QHT Forumunun İctimai Şurasının üzvü Zaur İbrahimli olub. Tədbirdə dövlət və özəl qurumların, media və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Forumun sonunda layihə çərçivəsində hazırlanmış “Reklamda Azərbaycan dilinin saflığının qorunması” adlı maarifləndirici kitabça iştirakçılara təqdim olunub.
Layihə reklam və marketinq sahəsində Azərbaycan dilindən düzgün və məsuliyyətli istifadənin əhəmiyyətinə diqqəti artırmaqla yanaşı, ana dilinin saflığının qorunması istiqamətində maarifləndirici müzakirələrin genişlənməsinə töhfə verib. Ana dilimizi qorumaq və gələcək nəsillərə düzgün şəkildə ötürmək hər birimizin ortaq məsuliyyətidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.