AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anım Gününün mahiyyəti və Zəfərə aparan yol

  • + A
  • - A
  • Bu gün, 09:51

    Anım Gününün mahiyyəti və Zəfərə aparan yol


    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüznün, həm də qürurun bir arada yaşandığı gündür. Bu tarix Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Hər il sentyabrın 27-də Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda həyatını fəda edən qəhrəman övladlarını dərin ehtiramla yad edir.
    Bu günün tarixçəsi isə 2020-ci il sentyabrın 27-dən başlayır. Həmin gün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

    Əslində, 27 sentyabrı yalnız 44 günlük müharibənin ilk günü kimi qiymətləndirmək kifayət deyil. Bu tarix 30 ilə yaxın davam edən işğalın, nəticəsiz qalan danışıqların, pozulmuş atəşkəslərin və Ermənistanın davam edən hərbi təxribatlarının yaratdığı tarixi mərhələnin son nöqtələrindən biri idi.
    Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışdı.

    BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin bu qətnamələr uzun illər icrasız qaldı. Danışıqlar prosesi isə nəticə vermədi.
    2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı işğalla barışmayıb. 2020-ci ilin sentyabrında isə başlayan genişmiqyaslı hərbi əməliyyat Azərbaycanın illər ərzində formalaşdırdığı hərbi gücün və milli iradənin nəticəyə çevrilməsi ilə nəticələndi.

    44 gün ərzində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini, Şuşanı və çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi. Şuşanın azad olunması Vətən müharibəsinin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri oldu.
    Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.

    Amma bu Zəfərin ən ağır qiyməti vardı. Minlərlə Azərbaycan hərbçisi Vətən uğrunda canından keçdi. Onların sırasında müxtəlif yaşlarda, müxtəlif peşələrdən olan insanlar vardı. Onları birləşdirən isə Vətən sevgisi idi.
    Prezident İlham Əliyevin sözləri ilə desək, bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlər Azərbaycanın qürur mənbəyidir. Onların qəhrəmanlığı və fədakarlığı artıq xalqın yaddaşında dastana çevrilib.

    27 Sentyabrın əsas mənası da məhz budur: şəhidlərimizi yalnız xatırlamaq deyil, onların uğrunda canlarından keçdikləri Vətənin dəyərini bilmək.
    Anım Günü bizə bir daha xatırladır ki, tarix yalnız hadisələrdən ibarət deyil. Tarix onu yaşadan insanların taleyidir. Azərbaycanın bugünkü Zəfər tarixinin hər səhifəsində isə şəhidlərimizin adı, qəhrəmanlığı və əmanəti var.
    Onların xatirəsi qarşısında baş əyirik. Ruhları şad olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR