27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər davam edir.
Masallının Sərçuvar kəndində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Aksiya zamanı kənd ərazisində ağaclar əkilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, Anım Günü xalqımızın yaddaşında xüsusi mənəvi əhəmiyyət daşıyan gündür. Onun sözlərinə görə, şəhidlərin xatirəsini yaşatmaq yalnız onları yad etməklə məhdudlaşmır, həm də onların uğrunda canlarından keçdiyi Vətəni qorumaq, qurmaq və gələcək nəsillərə əmanət etmək məsuliyyətini özündə ehtiva edir.
Məşhur Məmmədov qeyd edib ki, Sərçuvar kəndində şəhidlərin xatirəsinə ağac əkilməsi dərin mənəvi məna daşıyır:
“Bu gün torpağa əkilən hər bir fidan şəhidlərimizin əziz xatirəsinə ehtiramın rəmzidir. Bu ağaclar böyüdükcə onların kölgəsində gələcək nəsillər dincələcək. Bu isə şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpağının yaşadılması və qorunmasının ən gözəl ifadələrindən biridir”.
Deputat vurğulayıb ki, şəhidlərin adı və müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq:
“Biz şəhidlərimizin qarşısında ən böyük borcumuzu Vətənə layiqli övlad olmaqla, dövlətimizi daha da gücləndirməklə, torpaqlarımızı qorumaqla və gələcək nəsillərə daha firavan Azərbaycan miras qoymaqla ödəyə bilərik”.Aksiya iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildirərək, Vətən uğrunda canından keçən qəhrəmanların adlarının daim yaşadılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz və unudulmaz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.