"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi
Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifaq toxumu səpilməyə çalışılır.
Bunu BJJ ( Braziliya Ciu-Citsu ) Azerbaycanın Prezidenti Aqil Acalov deyib.
"Bu, bəzi maraqlı qüvvələr tərəfindən xüsusi şəkildə tirajlanaraq Azərbaycanı ittiham etmək, ölkənin xarici siyasət kursunu şübhə altına almaq və Azərbaycan-Türkiyə münasibətlərində müəyyən ziddiyyətlər yaratmaq cəhdidir" - o, bildirib.
A.Acalov qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız iki dövlət arasında mövcud olan diplomatik əlaqələrlə məhdudlaşmır. Bu dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri təkcə iki dövlətin siyasi əlaqələri deyil, eyni zamanda, iki xalqın əsrlərboyu formalaşmış ortaq dəyərlərinin, tarixi yaddaşının və mənəvi bağlılığının ifadəsidir.
“Biz eyni millətik, dinimiz, dilimiz, ortaq mədəniyyətimiz var. Bu münasibətlər ‘bir millət, iki dövlət’ anlayışının da fövqündə strateji qardaşlıq və həmrəylik təməlinə malikdir.
Bu təməl elə yaranıb ki, onu dağıtmaq mümkün deyil. Bu gün media və sosial şəbəkələrdə hər kəs ifadə azadlığı hüququna malikdir, lakin elə həssas məsələlər var ki, bu məsuliyyət tələb edir. Qardaşlığımıza xələl gətirə biləcək nüanslar üzərindən manipulyasiya edilməməlidir, buna yol verməməliyik.
İki dövlət, bir millət anlayışımızı hədəf alan bu cür manipulyasiyalara qarşı hər zaman ayıq-sayıq olmalıyıq".
A.Acalov onu da vurğulayıb ki,
Azərbaycanın İsrail-Fələstin və İsrail-Türkiyə münasibətlərinə dair mövqeyi emosional deyil, dövlətin milli maraqlarına və uzunmüddətli strateji prioritetlərinə əsaslanan xarici siyasət xəttidir. Azərbaycanın bu qarşıdurmalada konkret dövlət, milli maraqlarına uyğun formalaşan düzgün, konkret mövqeyi mövcuddur və bu mövqe hər hansı başqa bir siyasi qüvvələrin gözləntisi, ictimai emosiyası və ya sosial şəbəkələrdə formalaşdırılan təzyiq əsasında dəyişdirilə bilməz. Azərbaycan beynəlxalq birliyin suveren aktoru kimi konstruktiv əsaslarla həyata keçirdiyi xarici siyasətində daim milli maraqlardan, ölkələr və xalqlar arasında birliyin əldə olunmasına öz töhfəsini verməyə çalışır.
Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatların tribunalarından davamlı olaraq regional və qlobal əməkdaşlığa çağırışlar edir. Azərbaycan Yaxın Şərq coğrafiyası ilə bağlı siyasətində də sülhün tərəfdarıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.