AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcbari tibbi sığortada göndəriş mexanizmi müzakirə edildi: özəl sektor yeni yanaşmalar təklif edir

  • + A
  • - A
  • Bu gün, 18:18

    İcbari tibbi sığortada göndəriş mexanizmi müzakirə edildi: özəl sektor yeni yanaşmalar təklif edir

    Bakıda dövlət və özəl səhiyyə sektoru nümayəndələrinin iştirakı ilə icbari tibbi sığorta sistemində göndərişlərin tənzimlənməsi, mövcud problemlər və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

    “Bakı KOB evi”ndə keçirilən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndələri, Özəl Tibb Müəssisələri Assosiasiyasının rəhbərliyi və üzvləri, eləcə də digər dövlət və özəl səhiyyə qurumlarının təmsilçiləri iştirak ediblər.

    Müzakirələrdə əsas diqqət icbari tibbi sığorta çərçivəsində pasiyentlərin özəl tibb müəssisələrinə göndərişlərinin daha səmərəli təşkilinə yönəlib. Bildirilib ki, dövlət və özəl səhiyyə müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi həm xidmətlərin keyfiyyətinə, həm də vətəndaşların tibbi yardıma çıxış imkanlarına təsir göstərə bilər.

    Özəl Tibb Müəssisələri Assosiasiyasının sədri Günel Əliyeva çıxışında icbari tibbi sığortanı ölkədə aparılan səhiyyə islahatlarının mühüm istiqamətlərindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, sistem milyonlarla vətəndaşın dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərdən istifadə imkanlarını genişləndirib.

    G.Əliyeva özəl tibb sektorunun səhiyyə sistemindəki rolunun yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir tibbi infrastruktur, texnologiyalar, ixtisaslı kadrlar və xidmət imkanları özəl tibb müəssisələrini səhiyyə sisteminin mühüm resurslarından birinə çevirir.

    Assosiasiya rəhbərliyi hesab edir ki, icbari tibbi sığortanın idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və ödəyici ilə xidmət təminatçısının ayrılması özəl sektorun imkanlarının daha geniş şəkildə sistemə inteqrasiyası üçün yeni imkanlar yarada bilər.

    Bu çərçivədə tariflərin tibb müəssisəsinin mülkiyyət formasından asılı olmayaraq müəyyənləşdirilməsi, akkreditasiya və xidmətin mürəkkəbliyinin nəzərə alınması, dövlət və özəl müəssisələr üçün daha neytral ödəniş mexanizminin yaradılması təklifləri səsləndirilib.

    Müzakirələrdə göndərişlərin yalnız inzibati mexanizm kimi deyil, tibbi göstəriş və xidmətin keyfiyyəti əsasında formalaşdırılması, pasiyentin seçim imkanlarının genişləndirilməsi və müştərək maliyyələşdirmə mexanizmlərinin icbari tibbi sığorta sistemi ilə əlaqələndirilməsi də gündəmə gətirilib.

    Günel Əliyeva könüllü tibbi sığortanın inkişafının da səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsində rol oynaya biləcəyini bildirib. O, beynəlxalq təcrübədə icbari və könüllü sığorta mexanizmlərinin bir-birini tamamladığını qeyd edərək Fransa və Niderland modellərini nümunə göstərib.

    Tədbirdə özəl səhiyyə sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri də geniş təqdim olunub. Özəl Tibb Müəssisələri Assosiasiyasının baş katibi Vüqar Eyvazov Azərbaycanın özəl səhiyyə sektorunun güclü və zəif tərəfləri, mövcud imkanlar və potensial risklər barədə təqdimatla çıxış edib.

    Təqdimatda özəl tibb müəssisələrinin regionlar üzrə bölgüsü, sığorta sisteminə inteqrasiya, icbari tibbi sığorta göndərişlərinin özəl sektora iqtisadi təsiri, tibbi xidmətlərə əlçatanlıq və xaricə tibbi miqrasiya məsələləri təhlil olunub.

    V.Eyvazov özəl səhiyyənin yalnız daxili tələbatı qarşılayan sahə kimi deyil, həm də tibbi xidmət ixrac edə bilən iqtisadi sektor kimi inkişaf etdirilməsinin mümkün olduğunu bildirib. Bu məqsədlə müasir tibbi infrastrukturun qurulması, avadanlıq parkının yenilənməsi, regionlarda xidmət imkanlarının genişləndirilməsi və xarici pasiyentlərin Azərbaycana cəlb edilməsi istiqamətində imkanların olduğu qeyd edilib.

    Görüşdə ÖTMA-nın 2026–2030-cu illər üzrə strateji baxışı da təqdim olunub. Strategiyada Azərbaycan özəl səhiyyəsinin texnoloji baxımdan gücləndirilməsi, regionlarda inkişaf etdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması əsas istiqamətlər sırasında göstərilib.

    Assosiasiya özəl tibb müəssisələrinin ayrıca klaster kimi formalaşdırılmasını və onların səhiyyə sisteminə daha sistemli şəkildə inteqrasiyasını da təklif edib.

    Müzakirələr zamanı həmçinin tariflərin təkmilləşdirilməsi, göndərişlərin vaxtında və tibbi ehtiyaca uyğun verilməsi, xidmət keyfiyyətinin ödəniş mexanizmlərində nəzərə alınması, regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılması və özəl tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşün sonunda sual-cavab sessiyası keçirilib, iştirakçıların təklifləri dinlənilib.

    Tərəflər belə dialoqların davam etdirilməsinin icbari tibbi sığorta sistemindəki problemlərin daha çevik müzakirəsinə, dövlət və özəl səhiyyə sektoru arasında əməkdaşlığın gücləndirilməsinə və nəticə etibarilə vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlərə çıxışının genişləndirilməsinə xidmət edə biləcəyini bildiriblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR