27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirlər davam etdirilir.
28 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə Masallı şəhər mərasim evində Anım Gününə həsr olunmuş ehsan süfrəsi təşkil olunub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehsan süfrəsi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb. Şəhidlərin ruhuna dualar oxunub, onların müqəddəs xatirəsinə ehtiram ifadə edilib.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında şəhidlərimizin Azərbaycanın müasir tarixində silinməz iz qoyduğunu vurğulayıb. Deputat bildirib ki, Vətən naminə canından keçən qəhrəmanlarımızın fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və onların həyat yolu gələcək nəsillər üçün örnək olacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov da çıxış edərək şəhidlərin xatirəsinin yad edilməsinin mühüm mənəvi dəyər daşıdığını bildirib və onların ruhuna dualar oxuyub.
Mərasimdə şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən dövlət qayğısından söz açılıb. Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla yad edilib.