"Birliyin Gücü - 2026" hərbi təlimi Özbəkistan, Azərbaycan, Türkiyə hərbiçiləri üçün əməkdaşlığı gecləndirməyə, operativ uyğunluğa nail olmağa, təcrübə mübadiləsi üçün gözəl bir imkan oldu.
"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistanın müdafiə naziri Şuxrat Xolmuxamedov Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin sonuncu mərhələsi zamanı hərbi qulluqçuların təltifolunma mərasimimdə bildirib.
Nazir əmin olduğunu bildirib ki, təlimlər çərçivəsində hər bir hərbiçi özünə döyüş yoldaşı tapıb:
"Əminəm ki, təlimlər çərçivəsində hər bir hərbiçi özünə döyüş yoldaşı tapıb, yeni bilik və təcrübə əldə edib, döyüş hazırlığının səviyyəsini artırıb, döyüş tapşırıqlarını yerinə yetirmək üçün lazımi bacarıqlar əldə edib", - Ş. Xolmuxamedov deyib.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Eyni zamanda təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.