UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün üz-üzə gələcək Azərbaycan və Lixtenşteyn yığmaları daha əvvəl 5 dəfə qarşılaşıblar.
Azərbaycan millisi bu oyunların 3-də qələbə qazanıb.
Rəqib bir dəfə qalib gəlibsə, bir görüşdə heç-heçə qeydə alınıb.
Tərəflərin ilk dueli 1998-ci ildə baş tutub. Avropa çempionatının seçmə mərhələsinin Vadutsda baş tutan oyununda Lixtenşteyn seçməsi qalib gəlib - 2:1. Bu, rəqibin rəsmi matçlarda ilk qələbəsi kimi tarixə düşüb.
Komandaların həmin seçmə mərhələdəki növbəti oyunu 1999-cu ildə keçirilib. Azərbaycan millisi rəqibini 4 cavabsız qolla üstələyib.
Azərbaycan və Lixtenşteyn yığmaları növbəti dəfə DÇ-2010-un seçmə mərhələsində rəqib olublar. 2008-ci ildə Bakıda reallaşan matçda hesab açılmayıb. Vadutsda baş tutan görüşdə isə Azərbaycan millisi 2:0 hesablı qalibiyyətə imza atıb.
Tərəflər son olaraq 2013-cü ildə yoldaşlıq oyununda qarşılaşıblar. Dubayda gerçəkləşən matçda Azərbaycan yığması rəqibini məğlub edib - 1:0.
Xatırladaq ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Lixtenşteyn qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.