AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 12:03

    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
    2023–2026-cı illərdə Naxçıvan Muxtar Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarının istismara verilməsi məqsədilə 17 hərrac keçirilib, nəticədə dövlət büdcəsinə 1,1 milyon manatdan çox vəsait daxil olub.

    Bu barədə Naxçıvanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçirilmiş iclasda məlumat verilib.

    İclas muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrlə bağlı keçirilib. Nazir Xanlar Mustafayev Dövlət Proqramının əsas məqsəd və prioritetləri barədə məlumat verib.

    Bildirilib ki, son dövrlərdə Naxçıvanda yerin təkindəki mineral-xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Mövcud geoloji məlumatların yenilənməsi, əvvəlki tədqiqatların müasir üsullarla yenidən qiymətləndirilməsi, perspektivli sahələrin müəyyənləşdirilməsi və resurs potensialının dəqiqləşdirilməsi əsas istiqamətlərdəndir.

    Qeyd olunub ki, "Parağaçay" və "Qapıcıq" molibden, "Gümüşlü" polimetal yataqlarında geoloji-qiymətləndirmə işləri aparılıb. Beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə mövcud geoloji məlumatlar, əvvəlki tədqiqatların nəticələri və laborator göstəricilər təhlil edilib.

    Yataqlarda filizləşmənin 300–500 metrədək dərinlikdə yayılma potensialının müəyyənləşdirilməsi məqsədilə ümumilikdə 3800 p.m. qazma işi həyata keçirilib. Bununla yanaşı, "Parağaçay" yatağında 4, "Qapıcıq" yatağında 2, "Gümüşlü" yatağında isə 3 geoloji-kəşfiyyat quyusu qazılıb.

    İclasda Ordubad rayonunun Ağdərə–Nəsirvaz sahəsində aparılan geoloji qiymətləndirmə işləri barədə də məlumat verilib. Sahədə ümumi dərinliyi 900 p.m. olan 4 quyu qazılıb, laborator tədqiqatlar üçün 194 kern nümunəsi götürülüb. Həmçinin 24 xəndək və 38 şurf qazılıb. Çöl-geoloji kəşfiyyat işləri yekunlaşdırılıb və ərazinin perspektivli olduğu müəyyənləşdirilib.

    Bildirilib ki, Babək rayonundakı Xal-Xal təzahüründə də geoloji tədqiqatlar davam etdirilir. Layihə çərçivəsində 1500 p.m. həcmində 5 quyu, 2500 kubmetr xəndək və 220 p.m. şurf qazılması nəzərdə tutulub.

    "AzerGold" QSC-nin Ortakənd sahəsində apardığı geoloji-kəşfiyyat işləri də diqqətə çatdırılıb. Məlumata görə, 199 kəşfiyyat quyusu üzrə 35 542,87 p.m. qazma həyata keçirilib. "Ortakənd" yatağında qızıl resursunun 246 min unsiya olduğu hesablanıb. Yataqda ilk istehsalın 2029-cu ildə başlanması planlaşdırılır.

    Tədbirdə qeyri-filiz faydalı qazıntıların öyrənilməsi istiqamətində görülən işlər də müzakirə olunub. 2023–2024-cü illərdə Naxçıvan ərazisində 55 qeyri-filiz yatağı üzrə təftiş-qiymətləndirmə işləri aparılıb, yataqların CİS bazasında rəqəmsal xəritəsi hazırlanıb. Daha 6 qeyri-filiz sahəsində tədqiqat aparılaraq onların yataqlaşdırılması və dövlət balansına alınması təmin edilib.

    Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin Naxçıvanda icrası, geoloji tədqiqatların genişləndirilməsi, mineral-xammal potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsi və ehtiyatlardan səmərəli istifadə imkanlarının araşdırılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR