Valideyn və müəllim hansı əlamətlərə diqqət etməlidir, cəmiyyət uşaqları narkotik təhlükəsindən necə qoruya bilər?
Narkotik maddələrin qanunsuz dövriyyəsi və onlardan istifadənin yaratdığı fəsadlar cəmiyyət qarşısında duran ciddi problemlərdən biridir. Bu təhlükənin uşaqlar və yeniyetmələr arasında yayılması isə məsələnin daha həssas tərəfidir. Çünki söhbət həyatının başlanğıcında olan, psixoloji və sosial baxımdan formalaşmaqda olan bir nəslin gələcəyindən gedir.
Yeniyetmənin narkotiklə tanışlığı çox zaman qəfil baş vermir. Maraqlanmaq, dost çevrəsinin təsiri, ailə daxilində yaşanan problemlər, diqqət və qayğı çatışmazlığı, eləcə də sosial mühit uşağın riskli davranışlara yönəlməsində rol oynaya bilər. Bəzən isə təhlükə valideynin və müəllimin gözündən yayınan kiçik dəyişikliklərlə başlayır.
Mütəxəssislər hesab edirlər ki, narkotik asılılığı ilə mübarizədə yalnız nəticə ilə mübarizə aparmaq kifayət deyil. Uşaqları bu təhlükədən qorumaq üçün profilaktika, maarifləndirmə, ailə nəzarəti, məktəb mühiti və erkən müdaxilə mexanizmləri birlikdə işləməlidir.
Bəs uşaqlar narkotik maddələrlə hansı yollarla qarşılaşırlar? Onları bu təhlükəyə sövq edən əsas amillər hansılardır? Valideynlər və müəllimlər hansı davranış dəyişikliklərinə diqqət etməlidirlər? Və ən əsası, bir uşağın həyatını asılılıqdan qorumaq üçün cəmiyyət nə edə bilər?
“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində bu suallara cavab axtardıq.DİN: “Gənclərin narkotik təhlükəsindən qorunması prioritet istiqamətdir”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavabında bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün dünyanı narahat edir.
“Narkotik elə bir bəladır ki, sərhəd tanımır, sosial təbəqə tanımır. İstənilən şəxs onun qurbanına çevrilə bilər və narkotikdən istənilən formada istifadə sağlamlığa ciddi zərər vurur. Buna görə də bütün vətəndaşların, xüsusilə də gənclərin narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı təhlükələrdən qorunması Daxili İşlər Nazirliyi tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə ardıcıl və kompleks tədbirlər həyata keçirilir.
Ən effektiv mübarizə üsulu isə bütün əhali kateqoriyalarını əhatə edən maarifləndirmə kampaniyasıdır. Polis əməkdaşları tərəfindən həssas təbəqə üzvlərinin, azyaşlıların və gənclərin bu bəladan qorunması, onların narkotik kimi zərərli vərdişlərdən uzaq tutulması və immunitet formalaşdırılması məqsədilə sosial layihələr icra olunur.
Polis orqanlarının rəhbər şəxslərinin birbaşa iştirakı ilə məktəblərdə, kolleclərdə və universitetlərdə pedaqoji heyət, şagirdlər və tələbələrlə görüşlər keçirilir. Bu görüşlər zamanı narkotikin təkcə insan səhhətinə deyil, gələcəyinə, təhsilinə və ailəsinə vurduğu zərərlər, eyni zamanda narkotiklə bağlı cinayətlərə görə yaranan məsuliyyət barədə məlumat verilir”, – deyə C.Qənbərli bildirib.
O əlavə edib ki, maarifləndirmə kampaniyasının tərkib hissəsi olaraq respublikanın bütün şəhər və rayonlarının mərkəzi küçə və prospektlərindəki reklam lövhələrində “Narkotikə yox! deyək” şüarı ilə təsiredici məlumat və görüntülər yerləşdirilir.
“Kütləvi informasiya vasitələrində məlumatlandırıcı məqalələr dərc olunur, sosial çarxlar hazırlanaraq televiziyalarda yayımlanır. İstər sosial şəbəkələr, istərsə də ənənəvi media subyektləri vasitəsilə mütəmadi olaraq bütün kateqoriyadan olan şəxslərə, xüsusilə də valideynlərə çağırışlar edilir. Onların övladlarına nəzarəti artırmaları, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmaları diqqətə çatdırılır.
Həmçinin təsir gücünü nəzərə alaraq tanınmış şəxslərə, ictimai xadimlərə, mədəniyyət və incəsənət nümayəndələrinə, bloqerlərə və bu qəbildən olan digər şəxslərə müraciət edilərək onların da təbliğat-təşviqat işinə dəstək vermələri xahiş olunur.
Göründüyü kimi, polis əməkdaşları tərəfindən məqsədyönlü qabaqlayıcı tədbirlər həyata keçirilir, antinarkotik təbliğatının əhatə dairəsi hər ötən gün daha da genişləndirilir. Lakin daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin hər bir üzvü bu həyati vacib prosesdə yaxından iştirak etməlidir. Hər bir şəxs özü antinarkotik təbliğatçısına çevrilməlidir.
Birmənalı şəkildə anlamalıyıq ki, yalnız əl-ələ verərək, birgə mübarizə apararaq cəmiyyətimizi, xüsusilə də gənclərimizi XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyadan xilas edə bilərik!” – deyə C.Qənbərli vurğulayıb.
Psixiatr: “Narkotikdən istifadə edən yeniyetmələrdə psixi xəstəliklərin riski artır”Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçehri isə müsahibəsində bildirib ki, narkomaniya narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, həmin maddələrdən psixi və fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir.
Onun sözlərinə görə, narkotik maddələrdən istifadə edən yeniyetmələrdə psixi xəstəliklərin yaranması riski artır.
“Narkotik preparatların təsiri yeniyetmə orqanizminin fiziki inkişafını xeyli ləngidir. Narkotik istifadə edən yeniyetmələr öz yaşıdlarından boy və çəki göstəricilərinə görə də geridə qalırlar”, – deyə mütəxəssis bildirib.
A.Manuçehri qeyd edib ki, son iki ildə kimyəvi narkotiklərdən istifadənin daha erkən yaşlara keçməsi müşahidə olunur. Onun sözlərinə görə, 13-14 yaşlı uşaqlar arasında kimyəvi narkotiklərdən istifadə edənlər var.
“Yeniyetmələr metamfetamin və marixuana istifadə edirlər. Artıq bizə müraciət etdikləri zaman onlarda problemlər və fəsadlar başlamış olur. Uşaqların erkən yaşdan narkotikə meyli psixi xəstəliklərə, şizofreniya və şəxsiyyət pozuntularına səbəb ola bilər.
Mən uşaqlara energetik içkilərdən və psixi stimulyatorlardan uzaq olmağı tövsiyə edirəm. Bəzi hallarda yeniyetmələr depressiv vəziyyətdən çıxmaq üçün daha sonra marixuana və digər narkotik maddələrə meyil edə bilərlər. Psixostimulyatorlar və energetik içkilər bu yolda tramplin rolunu oynaya bilər”, – deyə müsahibimiz bildirib.
Valideynlər hansı əlamətlərə diqqət etməlidir?
Mütəxəssisin sözlərinə görə, uşağın narkotik maddələrdən istifadə etdiyini göstərə biləcək bir sıra əlamətlər var. Göz bəbəklərinin genişlənməsi və ya daralması, gözlərin qızarması və ya bulanıq görünməsi, nitqin ləngiməsi və ya dəyişməsi, iştahanın zəifləməsi, səbəbsiz arıqlama, bədənin müxtəlif yerlərində iynə izləri, hərəkət koordinasiyasının pozulması kimi hallar müşahidə edilərsə, valideyn diqqətli olmalıdır.
A.Manuçehri əlavə edib ki, narkotikdən istifadə əhval-ruhiyyənin tez-tez və kəskin dəyişməsi, yaxınlarına qarşı emosional soyuqluq, həddindən artıq yuxululuq və ya yuxusuzluq, yorğunluğun həddindən artıq fəallıqla əvəz olunması kimi dəyişikliklərlə də özünü göstərə bilər.
“İstənilən narkotik vasitə insanda asılılıq yarada bilər. Məhz bu faktor narkotik vasitədən istifadə edən şəxsin psixikasına ciddi təsir göstərir. İnsanda müxtəlif psixozlar yarana, xasiyyəti dəyişə, zehni qabiliyyəti azala, mənəvi deqradasiya və şəxsiyyətin parçalanması müşahidə oluna bilər.
Narkotik maddələrin əksəriyyəti davranışda dəyişikliklərə səbəb olur: şəxsiyyət pozuntusu, depressiya və paranoyya, xasiyyətin dəyişməsi, şizofreniya kimi xəstəliklərin kəskinləşməsi müşahidə edilə bilər.
Narkotik maddələrin təsiri altında insan öz əməllərinə qarşı məsuliyyət hissini itirə, öhdəliklərini yerinə yetirməyə bilər. Narkotik preparatlar sinir sisteminə zərərli təsir göstərir. Narkotik vasitələrdən istifadə edən şəxslərin bəziləri depressiv vəziyyətə düşür, bu isə intihar riskini artıra bilər. Digərlərində isə yüksək aqressivlik müşahidə olunur və bu, cinayət davranışlarına səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.
Qızlar arasında narkotik istifadəsi də narahatlıq doğururA.Manuçehri son illər qızlar arasında da narkotik maddələrdən istifadəyə daha çox rast gəlindiyini bildirib. Onun sözlərinə görə, psixotrop maddələrdən sui-istifadə hamiləlik zamanı düşüklərin, inkişaf qüsurlarının və vaxtından əvvəl doğuşların riskini artıra bilər.
“Əgər gələcək ana hamiləlik dövründə də narkotik maddə qəbulunu dayandırmazsa, doğulan uşağın sağlamlığı üçün ciddi risklər yarana bilər. Narkotik vasitələrdən istifadə edən anadan doğulan uşaqda həyatının ilk saatlarından etibarən abstinensiya sindromunun əlamətləri görünə bilər.
Ona görə bütün yeniyetmə və gənclərə bu bəladan uzaq durmağı tövsiyə edirəm!” – deyə mütəxəssis vurğulayıb.
Uşaqların narkotik təhlükəsindən qorunması yalnız polis və ya tibb mütəxəssislərinin işi deyil. Ailə, məktəb, media və bütövlükdə cəmiyyət bu məsələdə birgə məsuliyyət daşıyır. Erkən maarifləndirmə, uşaqlarla açıq ünsiyyət, onların sosial mühitinə diqqət və riskli davranışlara vaxtında müdaxilə təhlükənin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Bu məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində hazırlanıb.