AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADY-nin 7:20 reysini ləğv etməsi sərnişinləri çıxılmaz vəziyyətə salıb: “Bir saatlıq yolu bir-birimizin belində gedirik”

  • + A
  • - A
  • Bu gün, 09:57

    ADY-nin 7:20 reysini ləğv etməsi sərnişinləri çıxılmaz vəziyyətə salıb: “Bir saatlıq yolu bir-birimizin belində gedirik”


    Azərbaycan Dəmir Yollarının (ADY) Sumqayıt–Pirşağı–Bakı istiqamətində hərəkət edən qatarların qrafikində etdiyi dəyişiklik sərnişinlər arasında ciddi narazılığa səbəb olub.
    Mövsümün ən gərgin vaxtında 7:20 reysinin ləğv edilməsi nəticəsində hərəkət cədvəlində 20 dəqiqəlik interval yaranıb. Bu isə xüsusilə səhər saatlarında Sumqayıtdan Bakıya gedən sərnişinlərin onsuz da çətin olan səfərini daha da ağırlaşdırıb.
    Sərnişinlərin sözlərinə görə, 7:10-da qatara minənlər qatarın yalnız 7:30-da hərəkətə başlaması səbəbindən əlavə vaxt itirirlər. Yolboyu 12 stansiyada sərnişinlərin minib-düşməsi isə vaqonlarda ciddi sıxlıq yaradır. Nəticədə təxminən bir saatlıq yolu sərnişinlər son dərəcə narahat və izdihamlı şəraitdə qət etməli olurlar.
    Vaqonlarda yaranan sıxlıq səbəbindən yaşlıların, uşaqların, əlilliyi olan şəxslərin və hamilə qadınların oturması üçün yer tapmaq da çətinləşir. Sərnişinlərin bildirdiyinə görə, vaqonlarda bu kateqoriyalara yer verilməsi ilə bağlı elanlar səsləndirilsə də, sıxlıq buna əməl etməyə imkan vermir.
    Digər tərəfdən, payız aylarında kondisionerlərin işləməsi də sərnişinlər arasında narazılıq yaradır. Qapı və keçidlərdə sıx dayanan insanlar üçün hava çatışmazlığı və boğulma hissi yaranmasın deyə kondisionerlərin söndürülmədiyi bildirilir. Bunun nəticəsində isə oturacaqda əyləşən sərnişinlər həddindən artıq soyuqdan şikayətlənirlər.
    İzdiham qatarların hərəkətinə də təsirsiz ötüşmür. Sərnişinlərin sözlərinə görə, stansiyalarda yaranan sıxlıq səbəbindən qatarların mənzil başına çatması da gecikir. Beləliklə, sərnişinlər həm qrafikdəki uzun interval, həm vaqonlardakı izdiham, həm də gecikmələrlə üzləşirlər.
    Vaqonlarda vəziyyət o həddə çatır ki, sürücünün “minib-düşənlər cəld olun” çağırışları sərnişinlər arasında adi hala çevrilib. Bələdçilərin də belə sıxlıq şəraitində vaqonlara normal nəzarət etməsi çətinləşir. Sərnişinlərin iddiasına görə, gərginlik və havasızlıq səbəbindən zaman-zaman insanların səhhətində problem yaranır, hətta kiminsə ürəyi gedir.
    Bütün bunlara baxmayaraq, sərnişinlərin narazılığına və mediada məsələ ilə bağlı yayılan məlumatlara rəğmən, ADY tərəfindən problemin həlli istiqamətində ciddi addımların atılmadığı bildirilir.
    Sərnişinlərin əsas tələbləri isə sadədir: hərəkət qrafikinin yenidən nəzərdən keçirilməsi, pik saatlarda qatarların sayının artırılması və əvvəllər mövcud olmuş Bakı–Xırdalan–Sumqayıt reysinin bərpası.
    Məsələ ilə bağlı jurnalist Sevinc Paşayeva da sosial media hesabında paylaşım edərək sərnişinlərin yaşadığı problemlərə diqqət çəkib. O, yaranmış vəziyyətdə insanların hər gün yolda vaxt, enerji və əsəb itirdiyini vurğulayıb.
    Sual isə açıq qalır: sərnişinlərin bu problemini kim həll etməlidir? Azərbaycan Dəmir Yolları, aidiyyəti dövlət qurumları, yoxsa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR