Azərbaycana vəba təhlükəsi varmı?

Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyi ilə bağlı şübhələrin yaranması qonşu ölkələrdə narahatlıq doğurub.
Rusiya rəsmiləri və epidemioloqlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olduğunu, hər hansı genişmiqyaslı epidemiya təhlükəsinin olmadığını açıqlayıblar.
Bununla belə, Rusiya ilə qonşu olan Azərbaycanda da xəstəliyin mümkün yayılma riski ilə bağlı suallar yaranıb.
Tibbi ekspert Rasif Bağırov bildirib ki, müasir tibbi imkanlar və infeksiyaya nəzarət mexanizmləri vəbanın geniş yayılmasının qarşısını almağa imkan verir.
Onun sözlərinə görə, xəstəlik vaxtında aşkarlandıqda pasiyentin izolyasiyası və müalicəsi ilə təhlükəni aradan qaldırmaq mümkündür.
“Keçmiş dövrlərdəki kimi vəbanın və ya taunun geniş yayılaraq bütün bir şəhəri məhv etməsi kimi hallar haqqında artıq düşünməyə ehtiyac yoxdur. Antibiotiklərin geniş tətbiq olunduğu bir dövrdə yaşayırıq”, – deyə ekspert vurğulayıb.
R.Bağırov qeyd edib ki, bəzi hallarda vəbanın yüngül forması müşahidə oluna və insanlar özbaşına antibiotik qəbul edə bilərlər. Bu zaman xəstəliyin törədicisi məhv olduğundan pasiyent infeksiyaya yoluxduğunu belə bilməyə bilər.
Ekspertin fikrincə, kütləvi yoluxma əsasən çirkli suyun təmiz su mənbələrinə qarışması kimi hallarda baş verə bilər.
“Epizodik hallar olduqda kütləvi yayılma baş vermir. Operativ şəkildə məlumat verilir, vəziyyət nəzarətə götürülür, xəstə izolyasiya edilərək müalicə olunur və problem aradan qalxır”, – R.Bağırov deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.