İşəgötürənlərin məhbuslarla bağlı stereotipləri araşdırılıb

Ədliyyə naziri: 500 işəgötürən arasında aparılan sorğu maraqlı nəticələr ortaya qoyub
Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırma zamanı işəgötürənlərin cəza çəkmiş şəxslərin işə qəbuluna münasibəti öyrənilib.
Ədliyyə naziri Fərid Əhmədov “Report” və İTV-yə birgə müsahibəsində bildirib ki, 500 işəgötürən arasında keçirilən sorğu əvvəlki bəzi yanaşmaların birmənalı olmadığını göstərib.
“Ədliyyə Nazirliyi olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar. Amma 500 işəgötürən arasında rəy sorğusu apardıq və gördük ki, bu, birmənalı belə deyil”, - deyə nazir qeyd edib.
F.Əhmədovun sözlərinə görə, işəgötürənlərin münasibəti şəxsin törətdiyi cinayətin xarakterindən və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişir.
O bildirib ki, ehtiyatsızlıqdan törədilən cinayətlərə görə cəza çəkmiş şəxslərə münasibətdə işəgötürənlər daha dözümlü yanaşırlar. Daha ağır cinayətlər törətmiş şəxslərlə bağlı isə ehtiyatlı münasibət üstünlük təşkil edir.
Nazir vurğulayıb ki, cəza çəkmiş şəxslərlə bağlı stereotip və stiqmanın mövcudluğu müəyyən dərəcədə qalmaqdadır.
“Bunun aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb edə bilmişik. Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq”, - F.Əhmədov əlavə edib.
Nazir bu istiqamətdə artıq müsbət təcrübələrin də olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.