2026-cı il oktyabrın 2-də ölkəmizin ictimai-siyasi həyatında böyük bir hadisə kimi baş tutan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı sadəcə bir siyasi təşkilatın hesabat tədbiri olmaqla qalmayıb, Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk fundamental yığıncaq kimi partiyanın tarixinə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi təkcə partiya fəalları üçün yox, bütövlükdə xalqımız və regionumuz üçün, sözün tam mənasında, gələcək yol xəritəsidir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir inkişaf mərhələsinin əsas istiqamətlərini və gələcək dövrü müəyyənləşdirən mühüm hadisədir. Qurultayda səslənən fikirlər və qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı partiya üzvləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi vacib və əsasdır. Ən başlıcası partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsi vacibdir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda dərin məzmunlu proqram xarakterli çıxışı Azərbaycanın qazandığı tarixi nailiyyətlərin siyasi əsaslarını və gələcək hədəflərini aydın şəkildə nümayiş etdirdi. Prezident aktual məsələlərə diqqət çəkərək onların həlli yollarını göstərdi. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı əhəmiyyətli rolundan danışarkən bu uğurların təməlinin 1992-ci ildə qoyulduğunu söylədi. Haqlı olaraq qeyd etdi ki, o dövrdə hökm sürən ağır, çətin bir vaxtda xalqın birmənalı şəkildə Dahi Öndərimiz Heydər Əliyevin ətrafında birləşməsi və YAP-ın Naxçıvanda təsis qurultayının keçirilməsi ilə cəmiyyətdə yaranan böhranlı durumun aradan qaldırlmasının başlanğıcı oldu. “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır”.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın tələbi olduğunu söylədi: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir”.
Yeni Azərbaycan Partiyasının fəalları ölkədə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və Azərbaycanın yeni reallıqları barədə həqiqətlərin ictimai müzakirələrdə daha geniş təqdim olunmasına töhfə vermələri vurğulanır. Bununla Cənubi Qafqazın lider partiyası olan YAP-ın tarixi missiyası müasir çağırışlara uyğun ideoloji işin təşkili ilə daha da aktuallaşır”.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilən ərazilərin təmir, tikinti və bərpasından sonra əhalinin doğma yurd-yuvasına qayıtmağa başladığını söylədi. Prezident bu istiqamətdə qarşıda duran əsas vəzifələri də açıqladı. Bildirdi ki, vəzifələr sırasında Qarabağın və Şərqi Zəngəzurun bərpasına tam nail olmaqdır: “Mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.
Göründüyü kimi regionun ən aparıcı, lider partiyası olan YAP müasir dövrün yeniliklərinə uyğun olaraq mütərəqqi nailiyyətlərə imza atmaqdadır. Bu nailiyyətlərin, qələbələrin davamlı olacağı şübhəsizdir. Çünki Azərbaycan dövlətinə və xalqına böyük qələbələr bəxş edən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət yalınız qələbələr və zəfərlər deməkdir. Bu isə onu deməyə əsas verir ki, dövlətimizi və xalqımızı daha böyük qələbələr, uğurlu nailiyyətlər gözləyir.