Müəllif: Zakir Quliyev (Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri)
Müasir dünyada ekoloji problemlər və iqlim dəyişikliyi bəşəriyyəti ciddi sınaqlarla üz-üzə qoyub. Məhz belə bir zamanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan karbohidrogen resursları ilə zəngin bir ölkə olmasına baxmayaraq, bərpaolunan və yaşıl enerji sektorunda regionun liderinə çevrilmişdir.
Prezident İlham Əliyev tərəfindən elan edilən 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın milli prioritetləri çərçivəsində "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" məqsədi ön plana çəkilmişdir. Xəzər dənizinin külək potensialı, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun "Yaşıl Enerji Zonası" elan edilməsi, habelə xarici investorlarla birgə inşa edilən günəş və külək elektrik stansiyaları ölkəmizin enerji xəritəsini yenidən cızır.
Bundan əlavə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi dövlət başçısının qlobal miqyasda qəbul edilən liderliyinin və ekoloji təşəbbüslərinin bariz sübutudur. Sosial İnkişafa Yardım İctimai Birliyi olaraq hesab edirik ki, yaşıl enerjiyə keçid təkcə iqtisadi addım deyil, gələcək nəsillərə daha təmiz, təhlükəsiz və dayanıqlı bir mühit qoyub getmək məqsədi daşıyan böyük bir sosial məsuliyyətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.