AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“SDG Volunteer Camp” düşərgəsi könüllü gəncləri dayanıqlı inkişaf naminə bir araya gətirib.

  • + A
  • - A
  • Bu gün, 12:11

    “SDG Volunteer Camp” düşərgəsi könüllü gəncləri dayanıqlı inkişaf naminə bir araya gətirib.


    15-20 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Könüllülərinin iştirakı ilə “SDG Volunteer Camp” düşərgəsi keçirilib.

    Düşərgənin əsas məqsədi könüllü gənclərin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında biliklərini artırmaq, qlobal məqsədləri lokal icma ehtiyacları ilə əlaqələndirmək və onları real həllərin hazırlanması prosesinə cəlb etmək olub. Eyni zamanda, düşərgə könüllülərin könüllülük, liderlik, komanda işi və sosial təşəbbüskarlıq bacarıqlarının inkişafına, onların cəmiyyətin davamlı inkişafında fəal iştirakına dəstək verməyi hədəfləyib.

    Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllü gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.

    Altı gün davam edən düşərgə çərçivəsində iştirakçılar dayanıqlı inkişafın müxtəlif istiqamətlərini əhatə edən təlimlərdə, panel müzakirələrində, interaktiv sessiyalarda, intellektual yarışlarda və komanda fəaliyyətlərində iştirak ediblər. Düşərgə proqramı könüllü gənclərin nəzəri biliklərini praktiki fəaliyyətlə birləşdirməsinə, innovativ ideyalar formalaşdırmasına və aktual sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslər hazırlamasına şərait yaradıb.

    Düşərgə müddətində insan inkişafı və bərabər imkanlar, inklüziv ünsiyyət və işarət dili, süni intellekt və rəqəmsal texnologiyalardan etik istifadə, tərəfdaşlıq və əməkdaşlıq, gələcəyin əmək bazarı, eləcə də layihələrin idarə edilməsi mövzularında təlimlər və panel müzakirələri keçirilib. Müxtəlif sahələri təmsil edən mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşərək könüllülərin şəxsi və peşəkar inkişafına töhfə veriblər.

    Düşərgənin diqqətçəkən fəaliyyətlərindən biri “SDG Simulation: 2030” simulyasiyası olub. İştirakçılar iqtisadi inkişafı qorumaqla qlobal yaşıl keçidin sürətləndirilməsi yollarını müzakirə edib, enerji keçidi, yaşıl iş yerləri, iqlim maliyyəsi, su və təbii resurslar, eləcə də dayanıqlı şəhərlər üzrə ortaq qərarlar formalaşdırmağa çalışıblar.

    Bununla yanaşı, “Heç kim kənarda qalmasın” adlı interaktiv sessiyada qlobal sosial çağırışlar Dayanıqlı İnkişaf Məqsədləri kontekstində təhlil edilib və könüllülük əsaslı həllər hazırlanıb. “SDG İdeaton: İdeyadan həllə” fəaliyyətində isə komandalar sosial və ekoloji problemlərə dair innovativ ideyalar irəli sürərək ilkin layihə konsepsiyaları formalaşdırıblar. İştirakçılar həmçinin layihə idarəçiliyi, effektiv tərəfdaşlıq və gələcəyin əmək bazarı kimi mövzularda bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

    Düşərgənin son günündə iştirakçılar Şəki şəhərinə ekskursiya edərək şəhərin tarixi və mədəni irsi ilə tanış olublar. Ekskursiya proqramı könüllülərin Azərbaycanın zəngin mədəni irsini daha yaxından tanımasına və düşərgə müddətində qazandıqları təcrübəni birgə sosial fəaliyyətlərlə tamamlamasına imkan yaradıb.

    “SDG Volunteer Camp” könüllü gənclərin dayanıqlı inkişaf prinsiplərini mənimsəməsi, könüllülük fəaliyyətinin əhəmiyyətini daha dərindən anlaması və əldə etdikləri bilikləri praktik təşəbbüslərə çevirməsi baxımından mühüm platforma rolunu oynayıb.

















































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR