Nadir Muradov və Qafar Abdullayevin həbs müddəti azaldılıb

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və Qafar Abdullayevin cəza müddəti azaldılıb.
Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətlərini qismən təmin edib.
Nadir Muradov və Qafar Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmlə razılaşmayan məhkumlar cəzalarının dəyişdirilməsi tələbi ilə apellyasiya şikayəti veriblər.
Məhkəmə şikayətləri araşdırdıqdan sonra hər iki şəxsin cəzasını 1 ilə endirib.
Onlar ötən il oktyabrın 31-dən həbsdə olduqlarına görə, verilən məlumata əsasən, 8 gün sonra azadlığa buraxılacaqlar.
Xatırladaq ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat çərçivəsində bir neçə vəzifəli şəxs həbs olunub. Bundan bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.
Mikayılov açıqlamasında cinayət işi ilə əlaqəsinin olmadığını və istintaqa ifadə vermədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.