BDU-da Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş elmi konfrans keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda II Respublika Elmi Konfransı keçirilmişdir.
Konfrans geologiya elminin aktual problemlərinin müzakirəsi, yer təkinin öyrənilməsi, faydalı qazıntı yataqlarının tədqiqi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması sahəsində elmi araşdırmaların nəticələrinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirin əsas məqsədi alim və tədqiqatçılar arasında elmi fikir mübadiləsini genişləndirmək, geologiyanın müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatları təşviq etmək və elmi nəticələrin praktiki əhəmiyyətini diqqətə çatdırmaqdır.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev elmi tədqiqatların təşkili, elmi fəaliyyətin səmərəliliyinin artırılması və innovativ yanaşmaların tətbiqinin əhəmiyyəti barədə çıxış edib. O, elmi nəticələrin paylaşılmasının, tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsinin və elmi potensialın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov çıxışında geologiya elminin inkişafının, yer təkinin sistemli şəkildə öyrənilməsinin və mineral xammal ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsinin əhəmiyyətinə toxunub. O, geoloji tədqiqatların ölkənin təbii sərvət potensialının müəyyənləşdirilməsi, faydalı qazıntı yataqlarının öyrənilməsi və mineral-xammal bazasının inkişafı baxımından rolunu diqqətə çatdırıb. Həmçinin bu sahədə elmi araşdırmaların genişləndirilməsinin və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyi vurğulanıb.
Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev çıxışında hidrogeologiya və mühəndis geologiyası istiqamətlərində aparılan tədqiqatların əhəmiyyətinə diqqət çəkib. Yeraltı suların öyrənilməsi, geoloji mühitin xüsusiyyətlərinin müəyyənləşdirilməsi və mühəndis-geoloji şəraitin qiymətləndirilməsi kimi məsələlərin elmi və praktiki baxımdan əhəmiyyəti vurğulanıb. Bu istiqamətlərdə aparılan araşdırmaların təbii ehtiyatlardan səmərəli istifadə və geoloji şəraitin düzgün qiymətləndirilməsi üçün vacibliyi qeyd olunub.
Faydalı qazıntılar kafedrasının dosenti Rasim İsmayılov “Filiz-çay qrupu yataqlarının filizlərinin öz-özünə yanma qabiliyyətinin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə filizlərin öz-özünə yanma xüsusiyyətlərinin öyrənilməsi və bu prosesin elmi baxımdan araşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədqiqat mövzusu filiz materiallarının xüsusiyyətlərinin müəyyənləşdirilməsi və onların davranışının öyrənilməsi baxımından aktual elmi məsələlərdən biri kimi təqdim olunub.
Konfrans çərçivəsində təqdim edilən məruzələr geologiyanın müxtəlif sahələrində aparılan elmi araşdırmaların nəticələrinin müzakirəsinə, aktual problemlərin müəyyənləşdirilməsinə və gələcək tədqiqat istiqamətlərinin formalaşdırılmasına imkan yaradır.
Bakı Dövlət Universitetində keçirilən II Respublika Elmi Konfransı geologiya elminin inkişafına, elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, mineral xammal ehtiyatlarının öyrənilməsi sahəsində tədqiqatların təşviqinə və elmi əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.