2026-cı il 29 oktyabr tarixində Gəncə şəhərində “Regional əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili–sənaye tərəfdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi Gəncə-Qazax iqtisadi regionunda növbəti 3–5 il ərzində prioritet iqtisadi sahələr üzrə formalaşacaq kadr və bacarıq tələbatını müəyyənləşdirmək, peşə təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu müzakirə etmək və kadr hazırlığında işəgötürənlərin iştirakını genişləndirmək üçün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub.
Dəyirmi masa dövlət qurumları, peşə təhsili müəssisələri və regionun müxtəlif iqtisadi sahələrində fəaliyyət göstərən işəgötürənlər arasında əmək bazarının mövcud vəziyyəti və gələcək kadr ehtiyacları ilə bağlı dialoqun gücləndirilməsinə həsr olunub.
Tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Mərkəzinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri çıxış ediblər.
Açılış nitqlərindən sonra "Peşə təhsili və dövlət-özəl tərəfdaşlığı: Əmək bazarının öyrənilməsi, kadr ehtiyaclarının qiymətləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması" mövzusunda təqdimat olub.
Dəyirmi masa sahibkarların çıxışları, “İşəgötürənlərlə iş üzrə istiqamətlər və yaranan çağırışlar” mövzusunda sessiya, qarşılıqlı fikir mübadiləsi və sual-cavab hissəsi ilə davam edib. İştirakçılar tərəfindən regionda peşə ixtisaslaşmasının genişləndirilməsi, kadr hazırlığında işəgötürənlərin rolunun artırılması və peşə təhsili müəssisələri ilə əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndirilib.
Tədbirin yekununda peşə təhsili–sənaye tərəfdaşlığının inkişafı istiqamətində gələcək əməkdaşlıq addımları müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.