Oktyabrın 27-də Resource HUB və Holberton School-un birgə təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzində “Qadın Sahibkarlığı və Regional İnnovasiya: Qlobal İnkişafa Doğru” mövzusunda dialoq keçirilib.
Tədbirin əsas məqsədi qadınların iqtisadi səlahiyyətləndirilməsində innovasiyanın rolunu müzakirə etmək, regionlarda fəaliyyət göstərən qadın icmalarının təcrübələrini bölüşmək və texnologiyanın yaratdığı yeni inkişaf imkanlarını dəyərləndirmək olub.
Holberton School Azerbaijan-ın icraçı direktoru Şəmsi Bayramzadə çıxışında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində Resource HUB-ın nümayəndəsi Gülnarə İsmailova, CIPE nümayəndəsi Şəlalə Kamilova və Google Developers Baku, Women in Data Science təmsilçisi Sitarə Ağayeva qadın sahibkarlığı, innovasiya və sektorlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Dialoqun xüsusi hissəsi Mingəçevir Qadın İcması, Göygöl Aurum Girls və Neftçala Qaraman İnkişaf Mərkəzinin fəaliyyət hekayələrinə həsr olunub. Təqdim olunan nümunələr yerli təşəbbüslərin, qadın sahibkarlığının və icma əsaslı inkişafın regionlarda yaratdığı imkanları nümayiş etdirib.
Holberton School-un məzun komandaları isə “İcma problemlərindən rəqəmsal həllərə” mövzusunda təqdimatlarla çıxış edərək texnologiyanın yerli ehtiyacların həllindəki rolunu diqqətə çatdırıblar.
Təşkilatçıların əsas hədəfi qadın icmalarının bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların bazarlara, rəqəmsal həllərə və yeni iqtisadi imkanlara çıxışını genişləndirməkdir.
Tədbirin sonunda əməkdaşlığa görə Holberton School-a, panel iştirakçılarına, qadın icmalarına və təşkilata töhfə verən bütün tərəfdaşlara təşəkkür bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.