AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda azərbaycanlı 200 uşağa ödənişsiz tibbi xidmət göstərilib.

  • + A
  • - A
  • Bu gün, 22:32

    İstanbulda azərbaycanlı 200 uşağa ödənişsiz tibbi xidmət göstərilib.

    8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib.

    Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsində 200 azərbaycanlı uşağa ödənişsiz tibbi müayinə və sağlamlıq xidmətləri göstərilib.

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilən sosial aksiya İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək məqsədi daşıyıb.

    Tədbir çərçivəsində peşəkar həkim heyətinin iştirakı ilə uşaqlara pediatriya, qulaq-burun-boğaz, stomatologiya, oftalmologiya və nitq terapiyası sahələri üzrə tibbi xidmətlər göstərilib. Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyevin təşkilatçılığı və dəstəyi ilə səyyar laboratoriya da qurulub.

    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirib ki, layihənin əsas məqsədi İstanbulda yaşayan, tibbi sığortası olmayan və maddi imkanları məhdud azərbaycanlı ailələrin övladlarının keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışını təmin etməkdir.

    O vurğulayıb ki, aztəminatlı ailələrin uşaqlarına tibbi xidmət göstərilməsi yalnız sosial dəstək deyil, həm də Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayədir. Hər bir uşağın sağlam böyüməsinin həm ailələr, həm də bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Məmmədzadə belə layihələrin dövlətimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğının əməli təzahürü olduğunu bildirib.

    Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin sədri, invaziv nevroloq və insult mütəxəssisi Uzman Dr. Vüqar Cəfər çıxışında iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, Zəfər Gününün sevincini Türkiyədə yaşayan azərbaycanlı uşaqlara sağlamlıq xidməti göstərməklə qeyd etməyin xüsusi məna daşıdığını vurğulayıb.

    Dr. Vüqar Cəfər uşaqların sağlamlığı naminə könüllü şəkildə öz peşə bilik və təcrübələrini əsirgəməyən həkimlərə təşəkkürünü bildirib. O, həmçinin Azərbaycan Diaspor Komitəsinə, TADEF-ə, Federasiyanın sədr müavini Pərviz Məmmədzadəyə, səyyar laboratoriyanın qurulmasına dəstək verən Gənc Azərbaycanlılar Dərnəyinə minnətdarlığını ifadə edib.

    Uşaqların vitamin kompleksləri ilə təmin olunmasına görə Vefa İlaç şirkətinin rəhbəri Xələddin Quliyevə də xüsusi təşəkkür bildirən Dr. Cəfər bu cür dəstəklərin layihənin sosial əhəmiyyətini daha da artırdığını qeyd edib.

    Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev çıxışında uşaqların sağlamlığına yönələn hər bir təşəbbüsün əslində Vətənin gələcəyinə xidmət etdiyini bildirib və bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

    Tədbirin keçirildiyi “Aygün İnkişaf Mərkəzi”nin müdiri Aydın Həsənoğlu da aztəminatlı ailələrin övladlarının tibbi xidmətlərdən yararlanmasının əhəmiyyətinə diqqət çəkərək, bu cür sosial təşəbbüslərin davam etdirilməsini dəstəklədiyini bildirib.

    Layihənin həyata keçirilməsində Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə yanaşı, müxtəlif tibb müəssisələrində çalışan azərbaycanlı həkimlər də iştirak ediblər.

    Tibbi aksiyada Medicana Xəstəxanasının ümumi cərrahı Uzman Dr. Amil Hacıyev, Bahçelievler Semt Poliklinikasının stomatoloqu Uzman Dr. Ruslan Ağasıyev, qulaq-burun-boğaz mütəxəssisi Uzman Dr. Musa Musayev, Uzman Dr. Elvin Hümbətli, Medicana Beylikdüzü Xəstəxanasının assistent həkimi Uzman Dr. Şahin Dehqani, pediatr Uzman Dr. Nigar Tağızadə, Çapa Xəstəxanasının nevroloqu Uzman Dr. Zəhra Hacıyeva, dil və danışıq terapevti Uzman Dr. Nuriyyə Novruzova, göz xəstəlikləri üzrə mütəxəssis Uzman Dr. Ülviyyə Əsgərova, pediatrlar Uzman Dr. Aygül Nəbəliyeva və Uzman Dr. Üzeyir İsmayılzadə iştirak ediblər.

    Layihə bir daha göstərib ki, Azərbaycan–Türkiyə qardaşlığı yalnız siyasi və mədəni münasibətlərlə məhdudlaşmır. Bu birlik həm də qarşılıqlı qayğı, sosial məsuliyyət və soydaşlarımıza əməli dəstək kimi dəyərlərlə möhkəmlənir. Zəfər Gününə həsr olunan bu təşəbbüs uşaqların sağlam gələcəyinə, diaspor həmrəyliyinə və milli birliyimizin gücləndirilməsinə xidmət edən əhəmiyyətli bir nümunədir.


























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR