Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən “Ağdam şəhidlərinin Zəfər yolu” adlı layihənin icrasına başlanılıb.
Üç ay müddətində həyata keçiriləcək layihənin rəhbəri Ələkbər Ağayevdir.
Layihənin əsas məqsədi Ağdam şəhidlərinin həyat və döyüş yolunun, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələrinin araşdırılması, təbliği və gənc nəslə çatdırılmasıdır. Eyni zamanda, layihə çərçivəsində gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıq tarixinin gələcək nəsillərə ötürülməsi nəzərdə tutulur.
Layihə müddətində Ağdam şəhərində gənclərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunacaq. Tədbirlər zamanı Ağdam şəhidlərinin qəhrəmanlıq salnaməsi haqqında ətraflı məlumat veriləcək, mövzu ətrafında müzakirələr və interaktiv sual-cavablar keçiriləcək.
Bununla yanaşı, layihənin məqsəd və məramını, Ağdam şəhidlərinin qəhrəmanlıq tarixini əks etdirən maarifləndirici bukletlər hazırlanacaq və tədbirlərdə iştirak edən gənclər arasında paylanılacaq. Layihə çərçivəsində tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatların təqdim olunması da nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi Ağdam şəhidlərinin şərəfli həyat yolunun daha geniş auditoriyaya tanıdılmasına, gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın və vətənpərvərlik hisslərinin gücləndirilməsinə mühüm töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.