Sumqayıtlı meyxanaçı Rüfət Kərimov (Nasosnu) internet xidmətinin keyfiyyəti ilə bağlı KATV1 şirkətinin fəaliyyətindən narazılığını ifadə edib.
Sumqayit24.az xəbər verir ki, Rüfət Kərimov şirkətin müştərilərə münasibətini tənqid edərək internet xidmətində tez-tez fasilələrin yarandığını, buna baxmayaraq, abonentlərdən ödənişin vaxtında tələb olunduğunu bildirib.
Meyxabaçının sözlərinə görə, ödəniş cəmi bir dəqiqə gecikdikdə internet xidməti dayandırılır. Lakin ay ərzində 2-10 saat davam edən internet kəsintiləri zamanı abonentlərə nə izahat verilir, nə də üzrxahlıq edilir. O, müştəri xidmətlərinə zəng etməyin də əlavə xərc yaratdığını, problemin isə çox vaxt həll olunmadığını vurğulayıb.
Rüfət Kərimov aidiyyəti qurumlara müraciət edərək şirkətdə yaranan problemlərə müdaxilə olunmasını istəyib və KATV1 rəhbərliyini abonentlərə münasibətini dəyişməyə çağırıb.
Xatırladaq ki, KATV1 ilə bağlı korporativ dəyişikliklər ötən il də gündəmə gəlib. Belə ki, 2025-ci ilin avqustunda “CityNet” brendinin sahibi “Uninet” MMC KATV1 brendinin sahibi “AG Telekom” MMC-ni satın alıb. Hər iki şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədov olub.
Bundan əlavə, 2025-ci ilin dekabrında “SN Telecom” (SNTV) və “Rahat Telecom” MMC-lərin “AG Telekom” MMC-yə birləşdirilməsi barədə məlumat yayılıb. Nəticədə uzun illər Sumqayıtda fəaliyyət göstərən SNTV də KATV1-nin hüquqi strukturuna daxil edilib.
https://www.instagram.com/reel/DfSPImmMlhE/?vrfl=MW9uZmFydnI3eGl1YQ==
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.